“Financial Times” xəbər verir ki, Avropa Komissiyası Rəqəmsal Xidmətlər Haqqında Qanuna (DSA) uyğun olaraq ChatGPT, Reddit və “Roblox” platformasını “çox böyük onlayn platformalar” kateqoriyasına daxil edib.
Bu status həmin xidmətlərin Aİ ərazisində əlavə tənzimləyici tələblərə əməl etməsini nəzərdə tutur. Onlardan qanunsuz məzmunun vaxtında silinməsi, yetkinlik yaşına çatmayan istifadəçilərin təhlükəsizliyinin və şəxsi məlumatlarının qorunması üçün daha ciddi tədbirlərin görülməsi tələb olunur.
Hər üç platforma qanunvericiliklə müəyyən edilmiş Aİ-də aylıq 45 milyon istifadəçi həddini keçib. Buna görə də onlar dekabrın sonunadək yeni tələblərə uyğunlaşmalıdırlar.
Yeni status şirkətlər üçün daha ciddi məsuliyyət də yaradır. DSA qaydalarının pozulması halında şirkətlər qlobal illik gəlirlərinin 6%-dək məbləğində cərimələnə bilərlər. Məsələn, “çox böyük onlayn platformalar” siyahısında yer alan “AliExpress” artıq Avropa Komissiyasının DSA tələblərini pozmaqda ittiham etdiyi şirkətlərdən biridir və onu qlobal dövriyyəsinin 6%-dək cərimə gözləyə bilər.
Aİ-nin texnologiyalar üzrə komissarı Henna Virkkunen bildirib ki, bu platformalar milyonlarla avropalı istifadəçiyə və bütövlükdə cəmiyyətə təsir göstərdiyindən, onların fəaliyyəti bundan sonra daha ciddi nəzarətdə olacaq.
“Financial Times”a açıqlamasında “OpenAI” yeni tələblərin yerinə yetirilməsi üçün hazırlıq gördüyünü və ChatGPT-nin Aİ-nin əlavə tənzimləmə qaydalarına uyğunlaşdırılacağını bildirib.
MONETAR.AZ