Kanada iqtisadiyyatı ilin ikinci rübündə gözləniləndən daha sürətli bərpa olunaraq illik ifadədə 3,3% böyüyüb. Güclü iqtisadi artım Kanada Bankının faiz dərəcələrinin daha da endirilməsi ilə bağlı təcili ehtiyacını azaldıb.
Kanada Statistika İdarəsinin məlumatına görə, aprel-iyun aylarında ÜDM illik ifadədə 3,3% artıb. Birinci rüb üzrə artım göstəricisi isə əvvəlki qiymətləndirmədəki 0,1%-lik azalmadan 0,3%-lik artıma doğru yenidən nəzərdən keçirilib. Bununla da ölkə iqtisadiyyatı ardıcıl iki rüb kiçilmə ilə müəyyən olunan texniki tənəzzüldən yayına bilib.
İkinci rübdə qeydə alınan artım iqtisadçıların gözləntilərinə uyğun gəlsə də, Kanada Bankının həmin dövr üçün proqnozlaşdırdığı təxminən 2,5%-lik illik artımı əhəmiyyətli dərəcədə üstələyib.
İqtisadi aktivliyin bərpasında neft-qaz sənayesi, tikinti, daşınmaz əmlak və istehsalat sektoru əsas rol oynayıb. Aprel və may aylarında iqtisadi fəallığın güclənməsi ümumi rüblük nəticəyə müsbət təsir göstərib. İyun üzrə göstərici də ilkin qiymətləndirmə ilə üst-üstə düşüb.
Güclü iqtisadi göstəricilər Kanada iqtisadiyyatının ABŞ ilə ticarət münasibətlərində davam edən qeyri-müəyyənliyə nə dərəcədə davam gətirə biləcəyi ilə bağlı müzakirələrin getdiyi bir vaxta təsadüf edib. “Reuters”in sorğusuna əsasən, iqtisadçılar Kanada Bankının uçot dərəcəsini daha bir il ərzində 2,25% səviyyəsində saxlayacağını gözləyirlər. Onlar əsas risklər kimi ticarət qeyri-müəyyənliyini və hələ də zəif olan daxili tələbatı göstərirlər.
İqtisadiyyatın gözləniləndən güclü böyüməsi Kanada dolları üçün də müsbət siqnal hesab olunur. Güclü ÜDM göstəricisi pul-kredit siyasətinin yumşaldılması ehtimalını azaldır. Kanada dolları son günlər neft qiymətlərinin yüksəlməsi və ölkənin cari əməliyyatlar hesabında gözlənilməz profisitin yaranması fonunda ABŞ dollarına qarşı təxminən 1,385 Kanada dolları səviyyəsində ticarət olunub.
Bununla belə, ikinci rübdəki güclü artımın Kanada Bankının pul-kredit siyasətində kəskin dəyişiklik yaradacağı gözlənilmir. Bankın 2 sentyabr tarixində keçiriləcək iclası öncəsi rəsmilər iqtisadi bərpa ilə yanaşı, ticarət risklərini, inflyasiyanın dinamikasını və daxili tələbatın dayanıqlılığını da qiymətləndirəcəklər.
MONETAR.AZ