2025-ci ildə dünyada ev təsərrüfatlarının ümumi xalis sərvəti rekord həddə çataraq 570 trilyon dollar təşkil edib. ABŞ 175 trilyon dollarla bu göstəriciyə görə dünyada ilk sırada qərarlaşıb.
Monetar.az xəbər verir ki, bu barədə “McKinsey & Company-nin məlumatları əsasında hazırlanan araşdırmada bildirilib.
Ev təsərrüfatlarının xalis sərvəti bütün aktivlərin dəyərindən öhdəliklərin çıxılması ilə hesablanır. 2025-ci ildə qlobal sərvət əvvəlki illə müqayisədə 40 trilyon dollar artıb.
Ölkələrin reytinqi belədir:
- ABŞ – 175 trilyon dollar, qlobal sərvətin 30,7 faizi
- Çin – 75 trilyon dollar, 13,2 faiz
- Almaniya – 23 trilyon dollar, 4 faiz
- Yaponiya – 22 trilyon dollar, 3,9 faiz
- Fransa – 16 trilyon dollar, 2,8 faiz
- Böyük Britaniya – 15 trilyon dollar, 2,6 faiz
- İtaliya – 13 trilyon dollar, 2,3 faiz
- Kanada – 13 trilyon dollar, 2,3 faiz
- Avstraliya – 12 trilyon dollar, 2,1 faiz
- İspaniya – 11 trilyon dollar, 1,9 faiz
- Cənubi Koreya – 10 trilyon dollar, 1,8 faiz
- Niderland – 6,4 trilyon dollar, 1,1 faiz
- Meksika – 5,4 trilyon dollar, 0,9 faiz
- Belçika – 3,9 trilyon dollar, 0,7 faiz
- İsveç – 2,9 trilyon dollar, 0,5 faiz
- Avstriya – 2,5 trilyon dollar, 0,4 faiz
- Danimarka – 2,1 trilyon dollar, 0,4 faiz
- Polşa – 1,8 trilyon dollar, 0,3 faiz
- İrlandiya – 1,5 trilyon dollar, 0,3 faiz
- Portuqaliya – 1,1 trilyon dollar, 0,2 faiz
- Çexiya – 1,1 trilyon dollar, 0,2 faiz
- Finlandiya – 0,9 trilyon dollar, 0,2 faiz.
Araşdırmaya görə, ABŞ-ın 175 trilyon dollarlıq ev təsərrüfatı sərvəti Çin, Almaniya, Yaponiya, Fransa və Böyük Britaniyanın birlikdə 151 trilyon dollarlıq göstəricisindən də yüksəkdir.
ABŞ və Çin birlikdə 250 trilyon dollar sərvətə sahibdir. Bu, dünyadakı ümumi ev təsərrüfatı sərvətinin 43,9 faizinə bərabərdir.
ABŞ-da sərvətin böyük hissəsi ən varlı təbəqənin əlində cəmlənib. 2025-ci ildə ölkədə ev təsərrüfatlarının sərvətinin artımında səhmlərin bahalaşması, xüsusilə də süni intellektə olan marağın fond bazarlarına təsiri mühüm rol oynayıb.
Çin isə 75 trilyon dollarlıq göstərici ilə ikinci yerdə qərarlaşıb. Ölkədə daşınmaz əmlak qiymətlərinin azalması nəticəsində kağız üzərində sərvətin müəyyən qədər azaldığı qeyd olunur.
Avropada isə ən yüksək göstərici Almaniyaya məxsusdur. Polşa, İrlandiya, İspaniya və İsveç 2025-ci ildə dollar ifadəsində ev təsərrüfatlarının sərvətində ikirəqəmli artım qeydə alan ölkələr arasında olub.