İQTİSADİYYAT

Türkiyə iqtisadiyyatının artımı minimum səviyyəyə düşüb

Türkiyə iqtisadiyyatının artımı

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, ölkənin ÜDM-i ikinci rübdə illik ifadədə 2,3% artıb. Bu, “COVID-19” pandemiyasının ən kəskin dövrü olan 2020-ci ildən bəri qeydə alınan ən aşağı artım tempidir.

İqtisadi artımın zəifləməsində Türkiyə iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən biri olan sənaye istehsalının iyun ayında 1,4% azalması mühüm rol oynayıb. Bununla belə, istehlak fəallığı ÜDM-ə dəstək verməkdə davam edib. Aprel-iyun aylarında ev təsərrüfatlarının istehlak xərcləri illik ifadədə 3,5% artıb.

İstehlakdakı artım inflyasiyanın tədricən zəifləməsi ilə əlaqələndirilir. İyul ayında illik inflyasiya iyundakı 32,1%-dən 31,8%-ə enib. Türkiyə Mərkəzi Bankı isə yanvar ayından etibarən əsas faiz dərəcəsini 37% səviyyəsində saxlayır.

ÜDM artımının zəifləməsi ölkənin xarici ticarət göstəricilərinə də təsir edib. İyul ayında ixrac 2,9% artaraq 25,6 milyard dollara, idxal isə 5,1% artaraq 32,9 milyard dollara çatıb. Nəticədə xarici ticarət kəsiri 13,6% genişlənərək 7,3 milyard dollara yüksəlib.

Türkiyə valyuta gəlirlərinin əsas mənbələrindən biri olan turizm sektorunda da çətinliklərlə üzləşir. İkinci rübdə turizm gəlirləri illik ifadədə 2,6% azalaraq 15,9 milyard dollar təşkil edib.

Bundan əvvəl Türkiyə Mərkəzi Bankının ilin sonuna inflyasiya proqnozunu 28%-ə yüksəltdiyi bildirilmişdi. Əvvəlki proqnozda qiymət artımının 26%-dən yüksək olmayacağı gözlənilirdi. Bununla belə, tənzimləyici inflyasiyanın hədəf göstəricisini 24% səviyyəsində saxlamaqda davam edir.

MONETAR.AZ

Oxşar xəbərlər