İQTİSADİYYAT

Kevin Uorş: Dünya qlobal investisiya bumu yaşayır

Kevin Uorş: Dünya qlobal

ABŞ Federal Ehtiyat Sisteminin (Fed) sədri Kevin Uorş dünya iqtisadiyyatında artımı dəstəkləyən qlobal investisiya dalğasının müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, bu proses əvvəlki illərdə iqtisadiyyatda yığılan artıq qənaətlərin yaratdığı vəziyyəti dəyişir.

Monetar.az xəbər verir ki, Uorş bu fikirləri Aşvildə keçirilən G20 maliyyə nazirlərinin toplantısında səsləndirib.

Fed sədri bildirib ki, may ayında vəzifəyə başladıqdan sonra ilk dəfə beynəlxalq iqtisadi siyasət toplantısında iştirak edir. O, G20 ölkələrinin iqtisadi artım perspektivləri barədə daha ətraflı məlumat əldə etməyi gözlədiyini qeyd edib.

Uorşun sözlərinə görə, əvvəlki G20 toplantılarında, o cümlədən 2008-ci il qlobal maliyyə böhranından əvvəl və sonrakı dövrdə dünya iqtisadiyyatında “qlobal qənaət artıqlığı” geniş müzakirə olunurdu.

Lakin hazırda vəziyyətin dəyişdiyini vurğulayan Uorş dünya iqtisadiyyatındakı mövcud mərhələni “qlobal investisiya bumu” kimi xarakterizə edib.

Onun fikrincə, əvvəlki dövrlərdə investisiya imkanlarının məhdudluğu səbəbindən kapitalın bir hissəsi iqtisadiyyatda səmərəsiz şəkildə yığılırdı. Hazırkı qlobal investisiya dalğası isə bu tendensiyanın əksinə çevrilməsinə və iqtisadi artımın dəstəklənməsinə şərait yaradır.

Uorş həmçinin uzunmüddətli iqtisadi durğunluqla bağlı əvvəlki yanaşmaların artıq mövcud vəziyyəti tam əks etdirmədiyini bildirib.

 

 

 

Oxşar xəbərlər