Belçika Rusiyanın dondurulmuş aktivlərindən, o cümlədən Ukraynaya dəstək məqsədilə istifadə olunması məsələsində mövqeyini dəyişməyib. Ölkə bu vəsaitlərin istifadəsinə qarşı çıxmaqda davam edir. Bu barədə Belçikanın müdafiə naziri Teo Franken Flamandiyanın VRT telekanalına müsahibəsində danışıb.
"Bu məsələ müzakirə mövzusu deyil. Bu qapı bağlanıb", – deyə nazir bildirib.
Ötən həftə İsveç, Polşa, Niderland və İspaniya Avropa Komissiyasını Ukraynaya dəstək məqsədilə Rusiya Mərkəzi Bankının dondurulmuş təxminən 210 milyard avroluq aktivlərindən istifadənin yeni mexanizmlərini araşdırmağa çağırmışdı.
Oxşar təşəbbüs 2025-ci ildə də gündəmə gəlmişdi. Lakin Aİ-nin dekabr sammitində Almaniya və Avropa Komissiyasının irəli sürdüyü reparasiya krediti mexanizmi Belçikanın etirazı səbəbindən qəbul edilməmişdi. Həmin vaxt Belçikanın Baş naziri Bart De Vever bildirmişdi ki, bu mexanizm ölkəni ciddi hüquqi və maliyyə riskləri ilə üz-üzə qoya, həmçinin Rusiyanın mümkün iddiaları qarşısında Belçikanı tək buraxa bilər.
Nəticədə Avropa İttifaqı 2026–2027-ci illərdə Ukraynaya 90 milyard avro məbləğində kredit ayrılması barədə razılığa gəlib. Bu vəsait Aİ-nin kapital bazarlarından borclanması hesabına maliyyələşdiriləcək.
Aİ-də dondurulmuş Rusiya Mərkəzi Bankı aktivlərinin böyük hissəsi Belçikada fəaliyyət göstərən Euroclear depozitarisində saxlanılır. Teo Franken bildirib ki, ölkənin baş naziri bu məsələdə öz mövqeyindən geri çəkilməyəcək.
Nazir etiraf edib ki, Belçikanın yanaşması bəzi Aİ üzvlərinin narazılığına səbəb olur. O, xüsusilə reparasiya krediti ideyasını fəal şəkildə dəstəkləyən Baltikyanı ölkələri tənqid edərək bildirib ki, bu məsələni davamlı şəkildə gündəmə gətirməklə Belçikanı təzyiq altında saxlamağa çalışmamalıdırlar. Franken həmçinin vurğulayıb ki, Litva, Latviya və Estoniya müxtəlif sahələrdə Belçikadan əhəmiyyətli dəstək alırlar.
Bununla yanaşı, Euractiv xatırladır ki, avqustun əvvəlində Belçikanın xarici işlər naziri Maksim Prevo hüquqi məsuliyyətin Aİ üzvləri arasında ədalətli şəkildə bölüşdürüləcəyi təqdirdə dondurulmuş aktivlərdən istifadənin mümkünlüyünü tamamilə istisna etməmişdi.
Məsələnin Aİ xarici işlər nazirlərinin 1–2 sentyabr tarixlərində İrlandiyada keçiriləcək qeyri-rəsmi toplantısında müzakirə olunacağı gözlənilir.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasından sonra G7 ölkələri, Avropa İttifaqı və onların tərəfdaşları Rusiya Mərkəzi Bankına məxsus təxminən 300 milyard ABŞ dolları həcmində aktivləri dondurublar. Bu vəsaitin təxminən 210 milyard avrosu Aİ ölkələrində yerləşir və onun böyük hissəsi Belçikanın Euroclear depozitarisində saxlanılır.
Bu aktivlərin əsas məbləğinin müsadirə olunması hələ də hüquqi və siyasi mübahisə mövzusudur. Hazırda Aİ Ukraynaya aktivlərin özünü deyil, onların Avropa depozitarilərində saxlanılması nəticəsində əldə olunan fövqəladə gəlirləri yönəldir.
2024-cü ildə G7 ölkələri Ukraynaya təxminən 50 milyard ABŞ dolları (45 milyard avro) həcmində kredit ayrılması barədə razılığa gəliblər. Həmin kreditlərin gələcəkdə dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına qaytarılması və xidmət göstərilməsi nəzərdə tutulur.
MONETAR.AZ