Sentyabrın ilk həftəsində qlobal maliyyə bazarlarının diqqəti ABŞ-ın əmək bazarı göstəricilərinə, Avrozonada inflyasiyaya və əsas iqtisadiyyatların mərkəzi banklarının faiz qərarlarına yönələcək. Monetar.az xəbər verir ki, ABŞ-da həftənin əsas göstəricisi cümə günü açıqlanacaq məşğulluq hesabatı olacaq. İqtisadiyyatın avqust ayında 45 min yeni iş yeri yaratdığı gözlənilir. İyulda isə gözlənilmədən 23 min iş yeri azalmışdı.
ABŞ-da işsizlik səviyyəsinin 4,1 faizdən 4,2 faizə yüksələcəyi proqnozlaşdırılır. Əməkhaqqı artımının isə aylıq ifadədə 0,1 faizdən 0,2 faizə çatacağı gözlənilir.
Həftə ərzində ABŞ-da istehsal və xidmət sektorları üzrə ISM PMI göstəriciləri, JOLTS hesabatı, ADP məşğulluq məlumatları, ticarət balansı və zavod sifarişləri də açıqlanacaq. Federal Ehtiyat Sisteminin “Beige Book” hesabatı və bir sıra rəsmilərin çıxışları da investorların diqqətində olacaq.
Kanada Mərkəzi Bankının sentyabrın 2-də keçiriləcək iclasında uçot dərəcəsini 2,25 faiz səviyyəsində dəyişməz saxlayacağı gözlənilir. Kanadada həmçinin məşğulluq və ticarət göstəriciləri açıqlanacaq.
Avropada inflyasiya əsas gündəmdə olacaq
Avropada əsas diqqət avqust ayı üzrə ilkin inflyasiya göstəricilərinə yönələcək. Avrozonada illik inflyasiyanın 3,2 faizə yüksələcəyi və 2023-cü ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatacağı proqnozlaşdırılır.
Almaniyada inflyasiyanın 2,9 faizə yüksələcəyi, İtaliyada isə qiymət artımının sürətlənəcəyi gözlənilir. İspaniya və Fransada gözləntiləri üstələyən inflyasiya göstəricilərinin açıqlanması Avropada qiymət təzyiqlərinin yenidən güclənməsi ilə bağlı narahatlıqları artırıb.
Avrozonada işsizlik səviyyəsinin ardıcıl beşinci ay 6,3 faiz olaraq qalacağı gözlənilir. Həftə ərzində Almaniyada sənaye sifarişləri, eləcə də bir sıra Avropa ölkələrində istehsal və xidmət sektorlarına dair PMI göstəriciləri açıqlanacaq.
Asiya bazarlarında Çin və Yaponiya statistikası izləniləcək
Asiya-Sakit okean regionunda investorların diqqəti Çinin avqust ayı üzrə istehsal və xidmət sektorlarına dair PMI göstəricilərinə yönələcək. Məlumatlar dünyanın ikinci ən böyük iqtisadiyyatının vəziyyəti barədə yeni siqnallar verəcək.
Yaponiyada sənaye istehsalı, pərakəndə satış, işsizlik, istehlakçı inamı, mənzil tikintisi və ev təsərrüfatlarının xərcləri ilə bağlı göstəricilər açıqlanacaq.
Hindistanda ikinci rüb üzrə ÜDM göstəricisinin iqtisadi artımın 7,8 faizdən 7,1 faizə yavaşladığını göstərməsi gözlənilir. Avstraliyada isə ikinci rüb üzrə ÜDM, ticarət və cari hesab göstəriciləri əsas gündəmdə olacaq.
Yeni Zelandiya Ehtiyat Bankının uçot dərəcəsini 25 baza bəndi artıraraq 2,75 faizə çatdıracağı gözlənilir. Malayziya Mərkəzi Bankının isə faiz dərəcəsini 2,75 faiz səviyyəsində saxlayacağı proqnozlaşdırılır.