Nigeriya iqtisadiyyatı 2026-cı ilin ikinci rübündə illik müqayisədə 4,43% böyüyərək son beş ilin ən yüksək artım tempini qeydə alıb. Buna əsas səbəb yüksək neft qiymətlərinin neft hasilatını və ölkəyə xarici valyuta axınını gücləndirməsi olub. Bu barədə bazar ertəsi Nigeriyanın Milli Statistika Bürosu məlumat yayıb.
Artım tempi birinci rübdə qeydə alınan 3,89%-i üstələyib və Bloomberg tərəfindən sorğuda iştirak edən iqtisadçıların 4,2%-lik median proqnozundan yüksək olub. Büro bildirib ki, həm neft, həm də qeyri-neft sektorlarında artım əvvəlki rüblə müqayisədə sürətlənib.
Neft sektoru ikinci rübdə 7,31% böyüyüb. Müqayisə üçün, birinci rübdə bu göstərici 2,57% olmuşdu. Rüb ərzində neftin orta qiyməti əvvəlki rübdəki 73 ABŞ dollarından 93 ABŞ dollarına yüksəlib. ABŞ ilə İran arasında hərbi gərginliyin artması və Hörmüz boğazı vasitəsilə tədarük risklərinin yüksəlməsi qlobal neft qiymətlərinə əlavə dəstək verib.
Afrikanın ən böyük neft istehsalçısı və emalçısı olan Nigeriyada gündəlik orta neft hasilatı da artaraq birinci rübdəki 1,55 milyon bareldən ikinci rübdə 1,72 milyon barelə çatıb. Hasilatın yüksəlməsinə həm yüksək qiymətlər, həm də qlobal təklifin məhdudlaşması şərait yaradıb.
Qeyri-neft sektoru da müsbət dinamika nümayiş etdirib. Telekommunikasiya və kənd təsərrüfatı sahələrinin hesabına sektorun artımı birinci rübdəki 3,94%-dən ikinci rübdə 4,31%-ə yüksəlib.
MONETAR.AZ