BBVA Research Türkiyə iqtisadiyyatının 2026-cı ildə 3 faiz böyüyəcəyi ilə bağlı proqnozunu dəyişməyib. Qurum artım gözləntisini qorusa da, Yaxın Şərqdə davam edən münaqişələri Türkiyə iqtisadiyyatı üçün əsas aşağı yönlü risk kimi qiymətləndirib.
Monetar.az xəbər verir ki, BBVA Research Türkiyə iqtisadiyyatının 2026-cı ilin ikinci rübündə illik ifadədə 2,3 faiz böyüdüyünü bildirib.
Bu göstərici BBVA Research-in 3 faiz, bazarın isə 2,9 faiz səviyyəsində olan gözləntilərindən aşağıdır. Bununla da Türkiyə iqtisadiyyatının ilin ilk yarısında illik artımı 2,5 faiz təşkil edib.
BBVA Research-in qiymətləndirməsinə görə, üçüncü rübdə sənaye sektorunda artım göstəriciləri zəif mənzərəyə işarə edir. Kənd təsərrüfatının isə iqtisadi artıma dəstəyini davam etdirəcəyi gözlənilir.
Qurumun aylıq Ümumi Daxili Məhsul (ÜDM) göstəricisi üçüncü rübdə illik iqtisadi artımın təxminən 3 faiz, rüblük artımın isə 1-1,5 faiz aralığında ola biləcəyini göstərir.
BBVA Research Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) avqustun sonunda maliyyələşdirmə xərclərini 300 baza bəndi azaltmaqla pul siyasətinin yumşaldılması prosesinə başladığını qeyd edib.
Qurum bu addımın gözləniləndən daha erkən atıldığını bildirib. Bununla belə, inflyasiya ilə bağlı riskləri nəzərə alaraq, Mərkəzi Bankın bundan sonra da ehtiyatlı mövqeyini qoruyacağı gözlənilir.
Sentyabrın əvvəlində açıqlanması gözlənilən Orta Müddətli Proqramın isə Türkiyənin maliyyə siyasətinin gələcək istiqaməti ilə bağlı daha aydın təsəvvür yaradacağı bildirilir.
BBVA Research 2026-cı il üzrə 3 faizlik artım proqnozunu geosiyasi gərginliklərin yeni mərhələyə keçməyəcəyi və ehtiyatlı iqtisadi siyasət kombinasiyasının qorunacağı fərziyyəsi əsasında saxlayıb.
Qurum Yaxın Şərqdə davam edən münaqişələri isə Türkiyənin iqtisadi artım perspektivləri üçün əsas aşağı yönlü risk hesab edir.