Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) paytaxtın müxtəlif ərazilərində aparılan yol təmiri işləri ilə əlaqədar sürücülərə müraciət edib.
Agentlikdən bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda aşağıdakı ünvanlarda təmir işləri aparılır:
- Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi;
- Xəzər rayonu, Türkan–Hövsan şosesi;
- Suraxanı rayonu, Elzar Yusubov küçəsi;
- Binəqədi rayonu, Elçin Əzizov küçəsi.
Bundan əlavə, 1 sentyabr saat 09:00-dan etibarən Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində də təmir işlərinə başlanılacaq.
AAYDA-nın məlumatına görə, işlərin gedişindən asılı olaraq qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatana qədər qüvvədə qalacaq.
Agentlik sürücülərə həmin müddətdə alternativ marşrutlardan istifadə etməyi, yol hərəkətinin təşkilində edilən dəyişikliklərə riayət etməyi və aparılan təmir işlərinə anlayışla yanaşmağı tövsiyə edib.