Britaniyada Çin istehsalı avtomobillərə marağın artması ölkənin yerli avtomobil sənayesi ilə bağlı müzakirələri gücləndirib. “Telegraph” qəzetinin yazdığına görə, bəzi britaniyalılar Çin istehsalı avtomobilləri ənənəvi Britaniya markalarına alternativ kimi seçsə də, bu yanaşma ölkədə tənqid olunur.
Monetar.az xəbər verir ki, “Telegraph” nəşri Çin istehsalı “Jaecoo 7” modelini Britaniya avtomobil sənayesinin simvollarından biri olan “Range Rover” modelləri ilə müqayisə edib.
Nəşrin məlumatına görə, orta ölçülü, beşqapılı və beşyerlik “Jaecoo 7” xarici görünüşünə görə “Jaguar Land Rover” tərəfindən istehsal olunan “Range Rover Velar” və “Evoque” modellərinə bənzəyir.
Əsas fərqlərdən biri isə qiymətdir. “Telegraph”ın yazdığına görə, “Jaecoo 8” modelinin qiyməti təxminən 45 min funt sterlinq, “Range Rover Sport” isə təxminən 77 min funt sterlinqdən başlayır. Bəzi flaqman “Range Rover” modellərinin qiyməti isə 100 min funt sterlinqi keçir.
Nəşr qeyd edir ki, qiymət fərqi Çin avtomobillərinə tələbin artmasının əsas səbəblərindən biridir. Məqalədə bəzi britaniyalıların daha bahalı yerli marka əvəzinə Çin avtomobillərinə üstünlük verməsi tənqid olunub və bu tendensiya Britaniya avtomobil sənayesi üçün problem kimi qiymətləndirilib.
Britaniyalıların yarısı Çin avtomobili düşünür
“Carwow” tərəfindən keçirilən araşdırmanın nəticələri isə Britaniyada Çin avtomobillərinə marağın əhəmiyyətli dərəcədə artdığını göstərib.
Sorğuda iştirak edən britaniyalı sürücülərin 49 faizi Çin istehsalı avtomobil almağı nəzərdən keçirdiyini bildirib.
3 il əvvəl bu göstərici 24 faiz təşkil edib. Beləliklə, Çin avtomobillərini almağı düşünənlərin payı üç il ərzində 25 faiz bəndi, yəni təxminən iki dəfə artıb.