NƏQLİYYAT

Toyota yenilənmiş "Land Cruiser 300" modelini hazırlayır

Toyota yenilənmiş "Land Cruiser 300"

“Toyota” şirkəti Yaponiya bazarı üçün 2027-ci model ilinə aid yenilənmiş “Land Cruiser 300” yolsuzluq avtomobilini təqdim etməyə hazırlaşır. Modelin rəsmi debütü sentyabrın 16-na planlaşdırılıb. Yenilənmiş avtomobilin əsas xüsusiyyətləri barədə məlumatlar yerli “Creative Trend” portalının insayderləri tərəfindən açıqlanıb.

Modeldə əsas yenilik turbomühərrikli V6 benzin mühərrikinin əvəzinə “Lexus LX” modelindən götürülmüş “i-Force Max” hibrid güc qurğusunun tətbiqi olacaq. 3,5 litrlik biturbo V6 mühərrik və elektromotordan ibarət sistem 457 at gücü və 790 Nm fırlanma anı hasil edir. Bu göstəricilər yeni qurğunu “Land Cruiser” ailəsinin tarixində ən güclü mühərrik sisteminə çevirir.

Hibrid sistemin yerləşdirilməsi avtomobilin konstruksiyasında müəyyən dəyişikliklərə səbəb olub. Yük yerinin döşəməsinin altında yerləşdirilən akkumulyator yanacaq çəninin həcminin 80 litrdən 68 litrədək azalmasına gətirib çıxarıb. Avtomobilin çəkisi isə təxminən 170 kiloqram artıb. Bununla belə, “Land Cruiser 300”ün yolsuzluq imkanları qorunub saxlanılıb və avtomobil 700 millimetrədək dərinlikdə su maneələrindən keçə bilir.

Hibrid versiya “ZX” və “GR Sport” komplektasiyalarında təqdim ediləcək. Bu versiyalar rəqəmsal cihazlar paneli və daha geniş sürücüyə yardım sistemləri də daxil olmaqla, yenilənmiş avadanlıqla təchiz olunacaq.

Bununla yanaşı, 3,3 litrlik V6 dizel mühərrikli versiya da model sırasında qalacaq. 304 at gücü və 700 Nm fırlanma anı hasil edən dizel mühərriki nəinki saxlanılacaq, həm də daha sadə təchizata malik yeni baza “GX” komplektasiyası ilə genişləndiriləcək.

İlkin məlumatlara görə, “GX” Yaponiya bazarında “Land Cruiser 300”ün ən münasib qiymətli versiyası olacaq və onun qiyməti 6,3 milyon yendən başlayacaq. Daha yüksək təchizatlı dizel versiyalarının qiyməti təxminən 9,15 milyon yen, “ZX” hibridinin qiyməti 9,8 milyon yen, “HEV GR Sport” versiyasının qiyməti isə 10,2 milyon yendən çox olacaq.

MONETAR.AZ

Oxşar xəbərlər