“SpaceX” NASA-nın 4,3 milyard dollar dəyərində olan Nensi Qreys Roman adına kosmik teleskopunun orbitə buraxılışına hazırlaşır. “Bloomberg”in məlumatına görə, missiyanın əsas məqsədi qaranlıq enerji, qaranlıq maddə və Günəş sistemindən kənarda yerləşən planetlərin öyrənilməsidir.
Teleskopun “SpaceX” şirkətinin “Falcon Heavy” raketi ilə Florida ştatındakı Kanaveral burnundan Moskva vaxtı ilə saat 15:26-da buraxılması planlaşdırılır. “Roman” teleskopu Yerdən təxminən 1,6 milyon kilometr məsafədə yerləşən orbitə çıxarılacaq. Müşahidələrin dekabr ayında başlanması gözlənilir.
Missiyanın ilkin olaraq beş ildən 10 ilədək davam etməsi nəzərdə tutulur. Bu müddət ərzində alimlər qaranlıq maddə və qaranlıq enerjinin uzaq ulduzlara və qalaktikalara təsirini araşdıracaqlar. Alimlər əldə ediləcək məlumatların Kainatın genişlənməsinin təbiətini daha dərindən anlamağa kömək edəcəyinə ümid edirlər.
“Roman” teleskopunun digər əsas vəzifələrindən biri ekzoplanetlərin, o cümlədən Yerə bənzər xüsusiyyətlərə malik ola biləcək planetlərin axtarışı olacaq.
Teleskopun güzgüsünün ölçüsü “Habl” kosmik teleskopunun güzgüsü ilə müqayisə edilə bilsə də, “Roman”ın genişbucaqlı kamerası təxminən 100 dəfə daha böyük səma sahəsini əhatə edə bilir. NASA-nın hesablamalarına görə, yeni teleskop səmanın xəritəsini “Habl”dan təxminən 1 000 dəfə daha sürətlə çıxara biləcək.
Aparat əsasən infraqırmızı şüalanmanı toplayacaq. Bundan başqa, o, ulduzların işığını bloklamaq üçün koronoqrafla təchiz edilib. Bu qurğu alimlərə yaxın ulduzların ətrafında fırlanan nisbətən zəif işıqlı planetləri birbaşa müşahidə etmək imkanı verə bilər.
Buraxılışdan sonra teleskop təyinat orbitinə çatmaq və elmi cihazlarını işə hazırlamaq üçün bir neçə ay yol qət edəcək. Daha sonra missiya komandası təxminən üç ay ərzində cihazların sınaqlarını aparacaq. Elmi müşahidələrin ilin sonuna doğru başlanması, ilk görüntülərin isə 2027-ci ildə əldə edilməsi gözlənilir.
“Roman” teleskopu üzərində işlər 2010-cu illərin əvvəllərindən davam edir və layihə uzun illər ərzində həm texniki çətinliklər, həm də artan xərclərlə üzləşib.
Donald Trampın ilk prezidentliyi dövründə, 2018-ci ildə layihənin dayandırılması təşəbbüsü irəli sürülmüşdü. 2025-ci ilin əvvəlində təqdim olunan büdcə təklifində də teleskopun maliyyələşdirilməsi nəzərdə tutulmamışdı. Lakin Konqres layihənin ləğvi ilə bağlı ilkin cəhdin qarşısını aldı və nəticədə onun maliyyələşdirilməsi yekun büdcə sorğusuna daxil edildi.
MONETAR.AZ