Azərbaycanda 2025-ci ildə 494,9 min işçi işdən çıxıb. Onların 412,2 min nəfəri, yəni 83,3%-i öz arzusu ilə işdən ayrılıb.
Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, il ərzində işdən çıxanların 10,2 min nəfəri və ya 2,1%-i işçilərin sayının və ya ştatların ixtisarı ilə əlaqədar işdən azad edilib. Daha 72,6 min nəfər isə digər səbəblərlə işdən çıxıb.
Eyni zamanda, 2025-ci il ərzində Azərbaycanda 522,1 min nəfər işə qəbul edilib. Beləliklə, il ərzində işə qəbul olunanların sayı işdən çıxanların sayını 27,1 min nəfər üstələyib.
Ən çox işçi tikinti və ticarət sahələrində işə qəbul olunub. Tikinti sektorunda 97,1 min, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində isə 95,1 min nəfər işə götürülüb.
İşdən çıxanların sayına görə də tikinti və ticarət əsas sahələr sırasında olub. Tikintidə 95,1 min, ticarətdə isə 84,4 min işçi işdən ayrılıb.
Ən diqqətçəkən göstəricilərdən biri inzibati və yardımçı xidmətlər sahəsində qeydə alınıb. Bu sektorda 27,4 min nəfər işə qəbul edildiyi halda, 38,8 min nəfər işdən çıxıb. Beləliklə, həmin sahədə işdən çıxanların sayı işə qəbul olunanlardan 11,5 min nəfər çox olub.
Təhsil sahəsində isə 34,0 min nəfər işə qəbul olunub, 33,9 min nəfər işdən çıxıb.