SOSİAL

Kubaya turist axını 62 faiz azalıb

Kubaya turist axını

Milli Statistika və İnformasiya İdarəsinin (ONEI) hesabatına istinadən “Associated Press”in verdiyi məlumata görə, bu ilin yanvar-iyul aylarında Kubaya turist axını ötən ilin eyni dövrü ilə müqayisədə 62% azalıb.

Mütləq ifadədə ölkəyə səfər edən turistlərin sayı 2025-ci ilin ilk yeddi ayındakı 1,1 milyon nəfərdən bu ilin eyni dövründə 419 min nəfərə düşüb.

Agentlik qeyd edir ki, turizm sektorunda müşahidə olunan kəskin geriləmə ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi iqtisadi təzyiqlərlə əlaqələndirilir. Yanvar ayında ABŞ Prezidenti Donald Tramp Kuba qarşı enerji embarqosu tətbiq edib. Daha sonra, may-iyul aylarında Vaşinqton Kuba turizm sektoruna qarşı sanksiyaları sərtləşdirərək bir sıra müəssisələrin hesablarını dondurub və onların ABŞ maliyyə sisteminə çıxışını məhdudlaşdırıb.

Nəticədə beynəlxalq otel şəbəkələri adadakı fəaliyyətlərini dayandırıb, Kubada “Visa” və “Mastercard” kartlarının qəbulunda problemlər yaranıb. “Air France”, “Iberia” və “Turkish Airlines” kimi iri aviaşirkətlər isə adada təyyarələrə yanacaq doldurulmasının mümkünsüzlüyü səbəbindən reyslərini ləğv ediblər.

Kubada turizm sektorunun ən yüksək göstəricisi 2019-cu ildə qeydə alınıb. Həmin il ölkəni təxminən 4,3 milyon turist ziyarət edib, turizmdən əldə olunan illik gəlir isə 3 milyard dollara çatıb.

MONETAR.AZ

Oxşar xəbərlər