İşə qəbul prosesində namizədlərin müsahibələr zamanı süni intellektdən (Sİ) istifadəsinin qarşısını almaq üçün şirkətlər yeni üsullara əl atırlar. The Wall Street Journal yazır ki, bəzi işəgötürənlər namizədlərdən "Zoom" platformasında virtual fonu söndürməyi, kameranı otaqda gəzdirməyi, üzlərinin qarşısında əl yelləməyi və hətta müsahibə zamanı əllərini yuxarıda saxlamağı xahiş edirlər. Məqsəd namizədin neyron şəbəkəsinin köməyindən istifadə etmədən suallara özü cavab verdiyinə əmin olmaqdır.
Problem "ChatGPT" və digər süni intellekt alətlərinin geniş yayılması ilə daha da aktuallaşıb. İşəgötürənlər namizədlərin müsahibə zamanı cavablar hazırlamaq, olduqları məkan barədə yanlış məlumat vermək və hətta başqa şəxsin adından çıxış etmək üçün Sİ-dən istifadə etməsindən narahatdırlar. WSJ daha əvvəl Şimali Koreya vətəndaşlarının ABŞ şirkətlərində məsafədən işə düzələrək əldə etdikləri gəlirləri ölkələrinə köçürmək üçün bu cür üsullardan istifadə etdiyini yazmışdı.
"Checkr" platformasının 3 min menecer arasında keçirdiyi sorğuya əsasən, respondentlərin 59%-i namizədlərin işəgötürənləri aldatmaq məqsədilə süni intellektdən istifadə etdiyindən şübhələnib. Bir çox şirkət namizədlərin Sİ alətlərindən istifadə bacarığını müsbət qarşılasa da, bəzi suallara kənar yardım olmadan cavab verilməsini vacib hesab edir. Söhbət, məsələn, namizədin konkret problemi həll edərkən necə düşündüyündən və əvvəlki iş yerində mürəkkəb vəziyyətdən necə çıxdığından gedir.
Bəzi şirkətlər artıq xüsusi monitorinq sistemlərindən istifadə edirlər. Məsələn, "BrightHire" namizədin brauzerdəki fəaliyyətini izləyən alət hazırlayıb. Sistem müsahibə zamanı namizədin brauzer səhifələri arasında keçid edib-etmədiyini və kompüterdə hansı hərəkətləri yerinə yetirdiyini qeydə alır. Bununla belə, namizədlər monitorinq barədə əvvəlcədən məlumatlandırılır və müsahibədən sonra əldə olunan nəticələr alqoritmlər deyil, insanlar tərəfindən qiymətləndirilir.
Əvvəllər keyfiyyət üzrə mühəndis kimi çalışmış Hizer Uilkoks hazırda fəal şəkildə iş axtarır. Onun sözlərinə görə, bəzi müsahibələrdə rekruterin qarşısındakı şəxsin süni intellekt tərəfindən yaradılmış mətnə baxmadığına əmin olmaq üçün namizədin gözlərinin hərəkətinin izlənildiyi üsullardan istifadə olunub.
"Somos" şirkəti namizədin həqiqətən iddia etdiyi məkanda olduğuna və yanında ona cavabları diktə edən başqa bir şəxsin və ya cihazın olmadığına əmin olmaq üçün virtual fonu söndürməyi və kameranı otaqda gəzdirməyi tələb edir. Şirkət bəzi namizədlərin ABŞ-dən qoşulduqlarını bildirsələr də, əslində başqa ölkələrdə olduqları hallar aşkarlandıqdan sonra IP-ünvanlarını da yoxlamağa başlayıb. Bundan əlavə, namizədlərdən üzlərinin qarşısında əl yellətmək xahiş olunur. Bu sadə üsul Sİ avatarlarından istifadə cəhdlərini aşkar etməyə kömək edə bilər.
"Quantum" şirkətinin rekruterlerinden biri isə namizədlərdən müsahibə zamanı əllərini yuxarıda saxlamağı tələb edir. Bu üsul onların sual verilən anda klaviaturada cavab yazaraq süni intellektdən yardım almadıqlarını müəyyənləşdirməyə imkan verir.
"Passion.io" startapının süni intellekt əməliyyatları şöbəsinin rəhbəri Eva Speksard bildirib ki, şirkət müsahibənin müəyyən mərhələlərində namizədlərdən ekranlarını paylaşmağı xahiş edir. Startap bəzi suallar üzrə yazılı cavablardan da istifadə etməyə başlayıb. Bu zaman rekruter namizəddən cavabı real vaxt rejimində ümumi "Google" sənədinə yazmağı xahiş edir. Speksardın sözlərinə görə, beləliklə, namizədin cavabı özü yazdığını, yoxsa hazır mətni kopyalayıb yerləşdirdiyini görmək mümkündür.
Rekruterlər həmçinin süni intellektin köməyi ilə yerinə yetirilməsi asan olan ev tapşırıqlarından uzaqlaşaraq real vaxt rejimində icra olunan tapşırıqlara üstünlük verirlər. Speksard bildirib ki, Sİ-nin iştirakının açıq şəkildə hiss olunduğu tapşırıqlara getdikcə daha çox rast gəlinir. Məsələn, bəzi cavablarda "Claude"un "Bəlkə cavabı qısaldım?" kimi ifadələrinə rast gəlinib.
Bəzi şirkətlər isə ənənəvi üzbəüz müsahibələrə qayıdırlar. Məsələn, proqram təminatı tərtibatçısı "Nominal" namizədlə şəxsən görüşməyənədək işə qəbul barədə yekun qərar vermir. Texniki testlər də birbaşa şirkətin ofisində və onun təqdim etdiyi kompüterlərdə keçirilir. Bu yanaşma kənar yardımdan istifadəyə nəzarəti əhəmiyyətli dərəcədə gücləndirir.
"Nominal"ın həmtəsisçisi Brays Ştraussun sözlərinə görə, süni intellekt vasitəsilə hazırlanmış cavablar çox vaxt həddindən artıq mexaniki və "cilalanmış" təsir bağışlayır. Halbuki insan təfəkkürü gözlənilməz assosiasiyalarda, tərəddüdlərdə, şübhələrdə və hətta səhv aralıq mülahizələrdə özünü göstərə bilər.
Onun fikrincə, süni intellektin işə qəbul prosesinə təsirinin artdığı yeni şəraitdə müsahibədə fərqlənməyin ən yaxşı yolu "həqiqətən insan olaraq qalmaqdır".
MONETAR.AZ