SOSİAL

Azərbaycanda 1 saatlıq əməyin orta xərci 9 manata çatıb  

Azərbaycanda 1 saatlıq əməyin orta xərci

2025-ci ildə Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə hər 1 iş saatına düşən əmək xərclərinin orta göstəricisi 9,01 manat təşkil edib. Bu, 2020-ci illə müqayisədə 2,86 manat və ya 46,5 faiz çoxdur.

 Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə hər iş saatına düşən əmək xərci 8,26 manat olub. Beləliklə, 2025-ci ildə göstərici bir il ərzində 0,75 manat və ya 9,1 faiz artıb.

 Ən yüksək əmək xərci mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə 1 iş saatına düşən əmək xərci 30,75 manat olub. Bu, ölkə üzrə orta göstəricidən təxminən 3,4 dəfə çoxdur.

 Maliyyə və sığorta fəaliyyətində 1 saatlıq əmək xərci 22,32 manat, peşə, elmi və texniki fəaliyyət sahəsində 15,52 manat, informasiya və rabitə sektorunda isə 15,24 manat təşkil edib.

 Nəqliyyat və anbar təsərrüfatında bu göstərici 13,39 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 11,97 manat, tikintidə isə 9,11 manat olub.

 Ən aşağı göstəricilər kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (5,60 manat), inzibati və yardımçı xidmətlərin göstərilməsi (5,95 manat) və su təchizatı, tullantıların təmizlənməsi və emalı (6,10 manat) sahələrində qeydə alınıb.

 2020–2025-ci illərdə hər iş saatına düşən əmək xərci 6,15 manatdan 9,01 manatadək yüksəlib. Bu dövrdə ən yüksək artımlardan biri maliyyə və sığorta fəaliyyətində olub: göstərici 13,88 manatdan 22,32 manatadək, yəni 60,8 faiz artıb.

 

 

Oxşar xəbərlər