Azərbaycanda 2025-ci ildə əhali arasında yeni qeydə alınmış xəstəliklərin ümumi sayı 2 milyon 516 min 677 hal təşkil edib. 2020-ci ildə bu göstərici 1 milyon 800 min 853 hal olub.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə 2020-ci illə müqayisədə yeni qeydə alınmış xəstəliklərin sayı 715 min 824 hal və ya 39,8 faiz artıb.
Məlumata görə, 2025-ci ildə ən çox xəstəlik tənəffüs sistemi ilə bağlı olub. Bu kateqoriya üzrə 841 min 789 hal qeydə alınıb. 2020-ci ildə isə göstərici 677 min 346 hal təşkil edib. Beləliklə, 5 il ərzində tənəffüs sistemi xəstəlikləri 24,3 faiz artıb.
Qan dövranı sistemi xəstəlikləri üzrə 2025-ci ildə 247 min 19 hal qeydə alınıb. 2020-ci ildə bu rəqəm 148 min 516 hal olub. Artım 66,3 faiz təşkil edib.
Xərçəng xəstəlikləri üzrə yeni qeydə alınmış halların sayı 2025-ci ildə 17 min 199 olub. 2020-ci ildə bu göstərici 12 min 98 hal təşkil edib. Bu, 42,2 faiz artım deməkdir.
Qeydiyyata alınmış yoluxucu və parazitar xəstəliklərin sayı isə 2020-ci ildəki 168 min 322 haldan 2025-ci ildə 148 min 481 hala düşüb. Beləliklə, bu kateqoriya üzrə 11,8 faiz azalma qeydə alınıb.
Həzm sistemi xəstəlikləri 2025-ci ildə 216 min 749 hal təşkil edib. 2020-ci ildə bu göstərici 151 min 360 hal olub və 5 il ərzində 43,2 faiz artıb.
Göz və onun əlavə aparatının xəstəlikləri üzrə hallar 72 min 471-dən 136 min 519-a yüksəlib. Bu, 88,4 faiz artım deməkdir.
Qulaq və məməyəbənzər çıxıntı xəstəlikləri üzrə də artım qeydə alınıb. Bu xəstəliklərin sayı 2020-ci ildə 41 min 348 olduğu halda, 2025-ci ildə 81 min 498-ə çatıb.
Dəri və dərialtı toxuma xəstəlikləri 38 min 752 haldan 86 min 727 hala yüksəlib. Sidik-cinsiyyət sistemi xəstəlikləri isə 99 min 440 haldan 154 min 466 hala çatıb.
Ümumilikdə, statistik göstəricilər 2020–2025-ci illərdə əhali arasında bir sıra əsas xəstəlik qrupları üzrə yeni qeydə alınmış halların əhəmiyyətli dərəcədə artdığını göstərir.