Azərbaycanda 2025-ci ilin sonunda əmək fəaliyyəti ilə məşğul olmaq üçün qüvvədə olan iş icazəsinə malik əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 7 990 nəfər təşkil edib.
Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 151 nəfər və ya 1,9% azalıb. 2024-cü ilin sonunda ölkədə qüvvədə olan iş icazəsinə malik şəxslərin sayı 8 141 nəfər olub.
Bununla belə, son 6 ildə göstəricidə ümumilikdə artım qeydə alınıb. Belə ki, 2019-cu ildə Azərbaycanda iş icazəsi olan əcnəbilərin sayı 5 466 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 7 990 nəfərə yüksəlib. Bu, 46,2%-lik artım deməkdir.
Əcnəbilərin ən çox çalışdığı sahə tikinti olub. 2025-ci ilin sonunda tikinti sektorunda 2 739 nəfər iş icazəsinə malik əcnəbi çalışıb. Bu göstərici ümumi sayın təxminən 34,3%-ni təşkil edib.
Mədənçıxarma sənayesi isə əks istiqamətdə dəyişib. 2019-cu ildə bu sahədə iş icazəsi olan əcnəbilərin sayı 1 736 nəfər olduğu halda, 2025-ci ildə 796 nəfərə düşüb. Beləliklə, 6 il ərzində göstərici 54,1% azalıb.
Ən sürətli artımlardan biri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində qeydə alınıb. Burada iş icazəsi olan əcnəbilərin sayı 2019-cu ildəki 38 nəfərdən 2025-ci ildə 248 nəfərə yüksəlib. Bu, təxminən 6,5 dəfə artım deməkdir.
Maliyyə və sığorta fəaliyyətində də nəzərəçarpacaq artım olub. Bu sahədə göstərici 51 nəfərdən 218 nəfərə, inzibati və yardımçı xidmətlərdə isə 60 nəfərdən 391 nəfərə çatıb.
Daşınmaz əmlakla bağlı əməliyyatlarda isə artım daha kəskin olub. 2019-cu ildə bu sahədə cəmi 5 nəfər iş icazəsinə malik olduğu halda, 2025-ci ildə onların sayı 165 nəfər təşkil edib.
Təhsil sektorunda 2025-ci ilin sonunda 452, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 280, informasiya və rabitə sektorunda 288, turistlərin yerləşdirilməsi və ictimai iaşədə isə 610 nəfər iş icazəsi olan əcnəbi qeydə alınıb.