2025-ci ildə Azərbaycanda müəssisə və təşkilatlarda işdən çıxan işçilərin sayı 494 min 944 nəfər təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 4 min 893 nəfər və ya 1% azdır.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə işdən çıxanların sayının azalmasına baxmayaraq, bir sıra sahələrdə əksinə, ciddi artım qeydə alınıb.
Ən böyük artım elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində olub. Bu sektorda işdən çıxanların sayı 2024-cü ildəki 3 min 869 nəfərdən 2025-ci ildə 8 min 233 nəfərə yüksəlib. Beləliklə, bir il ərzində göstərici 112,8% artıb.
Təhsil sahəsində də işdən çıxanların sayı əhəmiyyətli dərəcədə yüksəlib. 2024-cü ildə 29 min 67 nəfər olan göstərici 2025-ci ildə 33 min 913 nəfərə çatıb. Artım 16,7% təşkil edib.
Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində işdən çıxanların sayı 27 min 742 nəfərdən 30 min 381 nəfərə yüksələrək 9,5% artıb.
İstirahət, əyləncə və incəsənət sahəsində isə artım daha yüksək olub. Burada işdən çıxanların sayı 5 min 767 nəfərdən 8 min 604 nəfərə çatıb ki, bu da 49,2% artım deməkdir.
Peşə, elmi və texniki fəaliyyət sahəsində işdən çıxanların sayı da 16,1% artaraq 21 min 711 nəfərdən 25 min 212 nəfərə yüksəlib.
Bunun əksinə, işdən çıxışların ən çox azaldığı sahələrdən biri su təchizatı, tullantıların təmizlənməsi və emalı olub. Bu sahədə göstərici 10 min 576 nəfərdən 5 min 780 nəfərə düşüb və 45,3% azalıb.
İnzibati və yardımçı xidmətlərdə işdən çıxanların sayı 46 min 145 nəfərdən 38 min 848 nəfərə, səhiyyə və sosial xidmətlərdə 24 min 638 nəfərdən 23 min 81 nəfərə, digər xidmət sahələrində isə 6 min 710 nəfərdən 5 min 149 nəfərə enib.
Tikinti və ticarət də işçi axınının əsas mərkəzləri olaraq qalır. 2025-ci ildə tikinti sektorunda 95 min 89 nəfər, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində isə 84 min 389 nəfər işdən çıxıb.
Ümumilikdə, 2025-ci ildə işdən çıxanların sayı 2024-cü illə müqayisədə azalsa da, 2015-ci illə müqayisədə 250 min 777 nəfər və ya 102,7% çoxdur.
Maraqlıdır ki, 2025-ci ildə işə qəbul edilənlərin sayı işdən çıxanlardan 27 min 119 nəfər çox olub. Bu isə il ərzində məşğulluq balansının müsbət olduğunu göstərir.