SOSİAL

Ölkədə işləyənlərin çoxu bu sahələrdə çalışır

Ölkədə işləyənlərin çoxu

2025-ci ilin sonunda Azərbaycanda iqtisadiyyat üzrə məşğul əhalinin sayı 5 milyon 105,2 min nəfər təşkil edib. Bu göstərici 2010-cu illə müqayisədə 776,1 min nəfər və ya 17,9% artıb.

 Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin sonunda ölkə iqtisadiyyatında məşğul olanların sayı 5 milyon 29,8 min nəfər olub. Beləliklə, bir il ərzində məşğulluq 75,4 min nəfər artıb.

 2025-ci ildə ən çox məşğul əhali kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Bu sahədə 1 milyon 774,5 min nəfər çalışıb. Bununla belə, göstərici 2024-cü illə müqayisədə 7,8 min nəfər azalıb.

 İkinci böyük məşğulluq sahəsi ticarət və nəqliyyat vasitələrinin təmiri olub. 2025-ci ildə bu sektorda 728,5 min nəfər çalışıb. 2010-cu ildə isə həmin göstərici 626,7 min nəfər olub.

 Tikinti sektorunda məşğul olanların sayı 2025-ci ildə 419,1 min nəfərə çatıb. Bu, 2010-cu illə müqayisədə 131,6 min nəfər və ya 45,8% çoxdur.

 Emal sənayesində də məşğulluq artıb. 2010-cu ildə bu sahədə 208,9 min nəfər çalışdığı halda, 2025-ci ildə göstərici 307,4 min nəfərə yüksəlib.

 Təhsil sahəsində 2025-ci ildə 372,1 min nəfər, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 225,7 min nəfər, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində isə 193,1 min nəfər məşğul olub.

 Ən yüksək artımlardan biri turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində qeydə alınıb. Bu sektorda çalışanların sayı 2010-cu ildəki 46,9 min nəfərdən 2025-ci ildə 121 min nəfərə yüksəlib. Beləliklə, 15 il ərzində artım 74,1 min nəfər və ya 158% təşkil edib.

 Maliyyə və sığorta fəaliyyətində məşğul əhalinin sayı 24,4 min nəfərdən 42,7 min nəfərə, peşə, elmi və texniki fəaliyyət sahəsində isə 45,6 min nəfərdən 73,3 min nəfərə çatıb.

 Eyni zamanda, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində məşğulluq 2010-cu ildəki 279,1 min nəfərdən 2025-ci ildə 225,7 min nəfərə qədər azalıb.

 

Oxşar xəbərlər