MALİYYƏ

ABŞ-da inflyasiya gözləntiləri sabit qalır

ABŞ-da inflyasiya gözləntiləri

ABŞ-də inflyasiyanın beş ildən artıqdır Federal Ehtiyat Sisteminin hədəfindən yüksək olmasına baxmayaraq, əhalinin və biznesin uzunmüddətli inflyasiya gözləntiləri əsasən sabit qalır. “Goldman Sachs”ın bazar ertəsi dərc etdiyi araşdırmada belə nəticəyə gəlinib.

İnvestisiya bankının təhlilinə görə, FED rəsmilərinin uzunmüddətli inflyasiya gözləntilərinin davamlı şəkildə yüksəlməsi ilə bağlı narahatlıqları müəyyən qədər şişirdilə bilər. Analitiklər hesab edirlər ki, son inflyasiya dalğası uzun müddət davam etsə də, əvvəlki aşağı inflyasiya dövrü gözləntilərin ciddi şəkildə dəyişməsinin qarşısını alan mühüm “bufer” formalaşdırıb.

“Goldman Sachs” analitiki Abhay Duqqirala qeyd edir ki, hazırkı inflyasiya sıçrayışından əvvəl ABŞ iqtisadiyyatı on ildən çox müddətdə 2%-dən aşağı inflyasiya ilə üzləşib. Bu uzunmüddətli aşağı inflyasiya təcrübəsi cəmiyyətdə inflyasiya gözləntilərinin köklü şəkildə dəyişməsinə mane olub.

Analitiklərin qənaətinə görə, inflyasiya gözləntiləri ən yaxşı halda yalnız cüzi yüksəlib və hazırda onların sabitliyinin pozulması ilə bağlı ciddi təhlükə müşahidə edilmir.

Araşdırmada ABŞ-də keçirilən müxtəlif sorğuların verdiyi ziddiyyətli nəticələrə də diqqət çəkilir. Nyu-York Federal Ehtiyat Bankının məlumatlarına əsasən, son illərdə yüksək inflyasiya ilə qarşılaşan gənc nəsillərin gözləntiləri həyatları ərzində müxtəlif inflyasiya dövrləri görmüş yaşlı nəsillərin göstəricilərinə yaxınlaşıb.

Digər tərəfdən, Miçiqan Universitetinin sorğusunda 5–10 illik inflyasiya gözləntilərinin 3,3% səviyyəsində olması daha yüksək nəticə göstərir. “Goldman Sachs” bu göstəricinin bir hissəsini sorğunun metodologiyasında edilən son dəyişikliklər və ABŞ cəmiyyətində artan siyasi qütbləşmə ilə əlaqələndirir.

Sorğuların mümkün təhriflərini nəzərə almaq üçün “Goldman Sachs” tədqiqatçıları tarixi sorğuların mikroməlumatları əsasında yaddaşa əsaslanan akademik modeldən istifadə ediblər. Modelin nəticələri göstərib ki, uzunmüddətli aşağı inflyasiya dövrü, son illərdəki qiymət artımları və 1970-ci illərin inflyasiya şoklarının kollektiv yaddaşdan tədricən silinməsi inflyasiyaya həssaslığı yalnız cüzi şəkildə artırıb.

“Goldman Sachs” ABŞ-də inflyasiyanın qarşıdakı dövrdə tədricən zəifləyəcəyini proqnozlaşdırır. Bankın gözləntisinə görə, neft qiymətlərinin sabitləşməsi və tariflərin inflyasiya göstəricilərinə təsirinin illik hesablamalardan çıxması fonunda inflyasiya 2027-ci ilin sonunadək FED-in 2%-lik hədəfinə qayıda bilər.

MONETAR.AZ

Oxşar xəbərlər