"Reuters" agentliyinin məlumatına görə, "Honda Motor" qarşıdakı dörd il ərzində xərclərini 1,5 trilyon yen (təxminən 9,4 milyard ABŞ dolları) azaltmağı planlaşdırır. Şirkət bu addımı Çin elektromobil istehsalçılarının qlobal bazarlarda artan rəqabətinə cavab olaraq atır.
Agentliyin araşdırdığı şirkətin daxili sənədlərinə və məlumatlı mənbələrə əsasən, "Honda" 2030-cu ilədək bu həcmdə qənaət etməyi hədəfləyir.
Məlumata görə, BYD və digər Çin elektromobil istehsalçıları Cənub-Şərqi Asiya, Latın Amerikası və Avropa bazarlarında mövqelərini gücləndirdikcə, "Honda" da əsas komponentlərin maya dəyərini azaltmağa çalışır.
"Reuters" yazır ki, bu ilin yazında şirkət rəhbərliyi iri tədarükçülərlə görüşlər keçirib və hər biri üçün fərdi xərc azaldılması hədəfləri müəyyənləşdirib. "Honda" üç əsas istiqamətdə xərcləri təxminən 30% azaltmağı planlaşdırır:
- ştamplanmış və döymə metal komponentləri;
- elektrik sistemlərinin hissələri;
- proqram təminatı ilə idarə olunan avtomobillər üçün komponentlər.
Şirkət həmçinin tədarükçülərə standartlaşdırılmış hissələrdən daha geniş istifadə etməyi və aşağı səviyyəli təchizatçılardan, o cümlədən Çin istehsalçılarından daha çox komponent almağı tövsiyə edib.
"Honda" son illərdə elektromobil biznesində əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşib və bu səbəbdən strategiyasına yenidən baxaraq diqqətini benzin-elektrik hibrid modellərinin inkişafına yönəldib. Şirkət may ayında açıq səhmdar cəmiyyəti kimi fəaliyyət göstərdiyi dövr ərzində ilk illik zərərini açıqlamışdı.
MONETAR.AZ