Türkiyədə son illərdə həyata keçirilən pul-kredit siyasəti lirənin dəyərinin kəskin zəifləməsinə və inflyasiyanın yüksək səviyyədə qalmasına səbəb olub.
Monetar.az xəbər verir ki, uzun müddət Türkiyə hökuməti yüksək faiz dərəcələrinin inflyasiyanı artırdığını müdafiə edib və ənənəvi iqtisadi yanaşmadan fərqli mövqe nümayiş etdirib.
Mərkəzi Bankın inflyasiyanın yüksəldiyi dövrlərdə faizləri azaltması türk lirəsinə ciddi təzyiq yaradıb. Valyuta 2018, 2021 və 2023-cü illərdə kəskin ucuzlaşma ilə üzləşib.
Real faizlərin mənfi səviyyəyə düşməsi fonunda əhali və biznes öz yığımlarını qorumaq üçün ABŞ dolları və qızıla daha çox üstünlük verməyə başlayıb.
Lirəyə inamın azalması isə inflyasiya ilə valyuta arasındakı mənfi dövrəni gücləndirib. Faizlərin aşağı salınması inflyasiyanın yüksəlməsinə, lirənin zəifləməsinə, idxal xərclərinin artmasına və nəticədə qiymət artımının daha da sürətlənməsinə səbəb olub.
2023-cü ilin mayında keçirilən prezident seçkilərindən sonra Türkiyə pul-kredit siyasətində dönüşə başlayıb. Mərkəzi Bank inflyasiyanı və inflyasiya gözləntilərini nəzarətə almaq məqsədilə faiz dərəcələrini əhəmiyyətli dərəcədə artırıb.
Türkiyə Mərkəzi Bankı uçot faizini 4 ay ardıcıl olaraq 37 faiz səviyyəsində saxlayıb. Bu dövrdə ölkədə illik inflyasiya 31,75 faiz təşkil edib.
Türkiyənin təcrübəsi faiz qərarlarının yalnız kreditlərin qiymətinə deyil, həm də milli valyutanın məzənnəsinə, əhalinin alıcılıq qabiliyyətinə və yığımlarına birbaşa təsir etdiyini göstərir.