MALİYYƏ

Avropa İttifaqının altı üzv dövləti 2028–2034-cü illər üzrə büdcənin azaldılmasını tələb edir

Avropa İttifaqının altı üzv dövləti 2028–2034-cü illər üzrə büdcənin

Avropa İttifaqının altı üzv dövləti Avropa Komissiyasının 2028–2034-cü illər üçün təklif etdiyi çoxillik büdcənin bir neçə yüz milyard avro azaldılmasını tələb edib.

Almaniya, Danimarka, Niderland, Avstriya, Finlandiya və İsveç birgə bəyanat yayaraq bildiriblər ki, Komissiyanın təklif etdiyi təxminən 2 trilyon avroluq büdcə “balanslaşdırılmış şəkildə” ixtisar edilməlidir. Onların mövqeyinə görə, bütün əsas xərc istiqamətləri büdcənin azaldılmasına öz töhfəsini verməlidir.

Bəyanat altı ölkənin dövlət və hökumət başçılarının Berlində keçirilən görüşündə razılaşdırılıb. Bu ölkələrin hamısı Aİ büdcəsinin xalis donorlarıdır — yəni ümumi Aİ xəzinəsinə aldıqları vəsaitdən daha çox maliyyə ayırırlar.

Təklif Avropa Şurasının Prezidenti Antoniu Koştanın mümkün razılaşmanı müzakirə etmək məqsədilə Aİ üzv dövlətlərinin paytaxtlarına səfərləri fonunda irəli sürülüb. Koşta 2026-cı ilin sonunadək büdcə üzrə razılığın əldə olunmasını prioritet vəzifələrdən biri hesab edir.

Çoxillik Maliyyə Çərçivəsi kimi tanınan Aİ-nin uzunmüddətli büdcəsinin qəbul edilməsi üçün bütün 27 üzv dövlətin yekdil razılığı tələb olunur.

Altı ölkənin birgə mövqeyi Almaniyanın büdcənin azaldılması ilə bağlı daha əvvəl irəli sürdüyü təklifi də gücləndirir. Berlin iyunda hazırkı planların həddindən artıq baha olduğunu bildirərək Aİ-nin 2028–2034-cü illər üzrə büdcəsinin təxminən 400 milyard avro azaldılmasını təklif etmişdi.

MONETAR.AZ

Oxşar xəbərlər