Çinin üç ən böyük dövlət aviaşirkəti 2026-cı ilin ilk yarısını ümumilikdə 8,2 milyard yuan (1,2 milyard dollar) xalis zərərlə başa vurub. “Reuters”in məlumatına görə, “Air China”, “China Eastern Airlines” və “China Southern Airlines” ilin ikinci yarısında maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını gözləmir və itkilərin artacağını proqnozlaşdırırlar.
Ən böyük zərər “China Southern Airlines” şirkətində qeydə alınıb. Şirkətin itkisi 550 milyon dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çoxdur. “Air China” 342 milyon dollar, “China Eastern Airlines” isə 327 milyon dollar zərər açıqlayıb.
Aviaşirkətlər maliyyə nəticələrinin pisləşməsinin əsas səbəblərindən biri kimi aviasiya yanacağının bahalaşmasını göstərirlər. Hesabat dövründə yanacaq alışına çəkilən xərclər şirkətlər üzrə 35–38% artıb.
“Reuters”in sorğusunda iştirak edən ekspertlər hesab edirlər ki, aviaşirkətlər üçün ənənəvi olaraq ən gəlirli dövr sayılan üçüncü rüb də vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyə bilər. Belə ki, bu il hava nəqliyyatına çoxsaylı təbii fəlakətlər, o cümlədən 21 tayfun ciddi təsir göstərib. Nəticədə reyslərin sayı azalıb və aviaşirkətlərin gəlirləri təzyiq altında qalıb.
Bununla da Çinin üç iri dövlət aviaşirkəti üçün ardıcıl yeddinci il birinci yarımili zərərlə başa vurmuş olub. Şirkətlər ilk böyük itkilərini 2020-ci ildə, COVID-19 pandemiyasının başlamasından sonra qeydə alıblar və həmin vaxtdan etibarən davamlı mənfəətə qayıtmaqda çətinlik çəkirlər.
Üç aviaşirkətin tarixində ən böyük maliyyə itkisi isə 2022-ci ildə qeydə alınıb. Həmin dövrdə aviasiya yanacağının qiymətlərində kəskin artım şirkətlərin maliyyə göstəricilərinə ciddi zərbə vurub.