MALİYYƏ

Dolların qlobal dominantlığı sarsıla bilər

Dolların qlobal dominantlığı

 Maliyyə texnologiyalarının sürətli inkişafı gələcəkdə dünya valyuta sistemində dolların dominant mövqeyinə təsir göstərə bilər. Kornell Universitetinin professoru və Brukinqs İnstitutunun baş elmi əməkdaşı Esvar Prasad hesab edir ki, yeni texnologiyalar daha çox valyutanın beynəlxalq maliyyə sistemində rəqabət aparmasına şərait yarada bilər.

Monetar.az xəbər verir ki, bu barədə Esvar Prasad “Financial Times” üçün yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, hazırda dolların alternativi ola biləcək valyutalar arasında sabit və vahid çoxqütblü sistem formalaşmayıb. Bunun əvəzinə qlobal valyuta bazarında parçalanma müşahidə olunur.

Prasad hesab edir ki, məhz texnoloji yeniliklər bu vəziyyəti dəyişə bilər. Bir sıra mərkəzi banklar beynəlxalq ödənişləri daha sürətli, ucuz və səmərəli etmək məqsədilə blokçeyn və digər texnologiyaları sınaqdan keçirirlər.

Yeni texnologiyaların sərhədlərarası maliyyə əməliyyatlarına maneələri azaltması şirkətlər və ev təsərrüfatları da daxil olmaqla özəl investorların xarici aktivlər əldə etməsini və qlobal kapital bazarlarından maliyyələşmə cəlb etməsini asanlaşdıra bilər.

Professorun fikrincə, bu proses müxtəlif valyutalar arasında rəqabət üçün daha bərabər şərait yarada bilər.

Dünya valyuta sisteminin üç ssenarisi

Prasad maliyyə innovasiyalarının qlobal valyuta sistemi üçün üç mümkün nəticəyə gətirib çıxara biləcəyini qeyd edib.

Birinci ssenari real çoxqütblü valyuta sisteminin formalaşmasıdır. Belə bir sistemdə effektiv idarəetmə və güclü maliyyə institutlarına malik ölkələrin valyutaları daha çox etimad qazana, zəif idarə olunan ölkələrin valyutaları isə mövqelərini itirə bilər.

İkinci ssenari dolların mövcud dominantlığının daha da güclənməsidir. Bu halda dünya iqtisadiyyatı və qlobal maliyyə sistemi ABŞ-ın iqtisadi və monetar siyasətindəki dəyişikliklərə daha həssas vəziyyətə düşə bilər.

Üçüncü ssenari isə parçalanmış qlobal valyuta sisteminin yaranmasıdır. Bu modeldə geniş istifadə olunan və yüksək etimad qazanan vahid valyuta və ya mərkəzi bankın olmaması mümkündür.

Prasad hazırkı tendensiyalar fonunda ikinci ssenarinin – dolların dominantlığının daha da güclənməsinin daha ehtimal olunan variant olduğunu düşünür.

Professor vurğulayıb ki, nəticə böyük ölçüdə hökumətlərin və mərkəzi bankların yeni texnologiyaları tətbiq etmək, maliyyə bazarlarını gücləndirmək və müvafiq hüquqi bazanı təkmilləşdirmək istəyindən asılı olacaq.

Onun fikrincə, dolların dominantlığı davam edərsə və bu vəziyyət gələcəkdə qlobal maliyyə böhranına səbəb olarsa, digər ölkələr yaranmış vəziyyətə görə məsuliyyəti də öz üzərlərində daşımalı olacaqlar.

Oxşar xəbərlər