İndoneziya Bankı və Sinqapur Pul-Kredit İdarəsi (MAS) İndoneziya rupisi ilə Sinqapur dolları arasında birbaşa hesablaşma mexanizmini istifadəyə verib.
Tənzimləyici qurumların birgə bəyanatına görə, yeni mexanizm avqustun 31-dən fəaliyyətə başlayıb. Sistemin əsas elementlərindən biri iki milli valyuta arasında birbaşa məzənnə kotirovkalarının tətbiqidir.
Bununla da İndoneziya və Sinqapur şirkətləri qarşılıqlı ödənişlər zamanı rupini və Sinqapur dollarını əvvəlcə ABŞ dollarına, daha sonra isə digər valyutaya çevirmək məcburiyyətində qalmayacaqlar. Bu yanaşmanın əsas məqsədlərindən biri hesablaşmalarda ABŞ dollarından asılılığı azaltmaqdır.
İndoneziya Bankının sədri Perri Varciyonun sözlərinə görə, yerli valyutalarla hesablaşmalar rupinin məzənnəsinin sabitliyinin qorunmasına da kömək edə bilər. Belə ki, bu halda milli valyutaya olan tələbatın dollar təklifindən asılılığı azalır.
LCT Framework adlandırılan yeni mexanizm cari əməliyyatlar, birbaşa investisiyalar və sərhədlərarası ödənişləri əhatə edir. Hesablaşmalar çarpaz valyuta əməliyyatları üzrə səlahiyyətli diler (ACCD) statusuna malik banklar vasitəsilə həyata keçiriləcək.
Tənzimləyicilər hesab edir ki, yeni sistem şirkətlərə rupi-Sinqapur dolları cütlüyündə daha çevik hesablaşma imkanı yaradacaq, valyuta risklərini və əməliyyat xərclərini azaldacaq. Eyni zamanda, mexanizmin iki ölkə arasında ticarətin genişlənməsinə və ASEAN çərçivəsində maliyyə inteqrasiyasının dərinləşməsinə xidmət edəcəyi gözlənilir.
İndoneziyada 9 bank ACCD statusu əldə edib. Bunlar "Bank Central Asia", "CIMB Niaga", "Bank DBS Indonesia", "Bank Mandiri", "Maybank Indonesia", "Bank Negara Indonesia", "Bank OCBC NISP", "Bank Pembangunan Daerah Jawa Timur" və "Bank UOB Indonesia"dır.
Sinqapur tərəfindən isə 3 bank mexanizmə qoşulub: "DBS Bank", "Oversea-Chinese Banking Corporation" və "United Overseas Bank".
MONETAR.AZ