Rusiyada rəqəmsal rubldan geniş istifadəyə sentyabrın 1-dən başlanılır. İri banklar və pərakəndə ticarət şirkətləri rəqəmsal rublla əməliyyatların aparılması üçün zəruri infrastrukturu istifadəyə verəcəklər.
Monetar.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Qurumun açıqlamasına görə, sentyabrın 1-dən etibarən vətəndaşlar öz istəklərinə uyğun olaraq milli valyutanın rəqəmsal formasından istifadə edə biləcəklər.
Rəqəmsal rubl hesabı sistemə qoşulan bankların mobil tətbiqləri vasitəsilə açıla biləcək. Fiziki şəxslər və şirkətlər yalnız bir rəqəmsal rubl hesabına malik ola biləcəklər. Fərdi sahibkarlar isə iki hesab aça biləcəklər – biri fiziki şəxs, digəri isə sahibkarlıq fəaliyyəti üçün.
Hesabların maliyyələşdirilməsinə limit
Rusiya vətəndaşları rəqəmsal rubl hesablarına ay ərzində 300 min rubla qədər vəsait köçürə biləcəklər.
Sahibkarlıq fəaliyyəti üçün açılan hesabların maliyyələşdirilməsinə isə hər hansı limit tətbiq edilməyəcək. Həm fiziki şəxslər, həm də şirkətlər hesablarında olan rəqəmsal rubldan məhdudiyyət olmadan istifadə edə biləcəklər.
Əməliyyatlar pulsuz olacaq
Rusiya Mərkəzi Bankı vətəndaşlar üçün rəqəmsal rublla həyata keçirilən bütün ödəniş və köçürmələrin pulsuz olacağını açıqlayıb.
Sahibkarlıq fəaliyyəti ilə bağlı ödəniş və köçürmələrə görə də 2026-cı ilin sonunadək komissiya tutulmayacaq.
Lakin 2027-ci ildən fərdi sahibkarlar və şirkətlər üçün rəqəmsal rubl üzrə ödənişlərə minimum səviyyədə müəyyən edilmiş tariflərin tətbiqinə başlanılacaq.
Beləliklə, rəqəmsal rubl sentyabrın 1-dən etibarən Rusiyada milli valyutanın ənənəvi nağd və nağdsız formalarına əlavə olaraq yeni ödəniş vasitəsi kimi istifadəyə veriləcək.