Asiya valyutaları bu gün əsasən zəifləyib. ABŞ dolları son iki həftənin maksimumuna yaxın mövqeyini qoruduğu halda, Yeni Zelandiya Ehtiyat Bankının (YZEB) uçot dərəcəsini artırmasına baxmayaraq Yeni Zelandiya dolları ("kivi") kəskin ucuzlaşıb. Bazar iştirakçıları tənzimləyicinin gələcək siyasətinə dair siqnalları gözləniləndən daha yumşaq qiymətləndiriblər.
YZEB rəsmi uçot dərəcəsini proqnozlara uyğun olaraq 25 baza bəndi artıraraq 2,75%-ə çatdırsa da, USD/NZD məzənnəsi 0,9% yüksələrək 0,5843 səviyyəsinə çatıb. Bunun nəticəsində Yeni Zelandiya dolları avqustun 13-dən bəri ən aşağı səviyyəsinə enib.
"ANZ" analitiklərinin fikrincə, mərkəzi bankın açıqlamaları oktyabr ayında növbəti faiz artımına aydın işarə etmir. Onların sözlərinə görə, gələcək qərarlarla bağlı ifadələr qəsdən ehtiyatlı və şərti xarakter daşıyır. Bu da topdansatış faiz dərəcələrinin və Yeni Zelandiya dollarının ucuzlaşmasına səbəb olub.
ABŞ-də açıqlanan zəif makroiqtisadi göstəricilərə baxmayaraq, dollar qoruyucu aktiv kimi mövqeyini möhkəmləndirib. İyul ayı üzrə JOLTS açıq vakansiyaları və avqust ayının ISM istehsalat indeksi bazar gözləntilərini doğrultmasa da, investorlar Federal Ehtiyat Sisteminin (FRS) sentyabr ayında faiz dərəcəsini artıracağı ehtimalını yüksəldiblər.
"CME FedWatch" alətinin məlumatına görə, bazarlar sentyabr iclasında faiz artımı ehtimalını bir həftə əvvəlki təxminən 40%-dən 68%-ə qədər artırıblar.
"DBS" bankının analitiki Filip Vi bildirib ki, ABŞ-nin İrana qarşı yeni zərbələri və FRS-in faiz artımı gözləntilərinin güclənməsi fonunda ABŞ dollarının indeksi (DXY) yenidən qoruyucu aktiv kimi dəstək qazanıb.
İnvestorların diqqəti indi cümə günü açıqlanacaq ABŞ məşğulluq hesabatına və gələn həftə dərc ediləcək inflyasiya göstəricilərinə yönəlib. Bu məlumatlar FRS-in sentyabr qərarı üçün əsas istiqamətləndirici amillərdən biri olacaq.
Qlobal istiqraz bazarlarında da təzyiq davam edir. ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyi 2023-cü ilin sonundan bəri ən yüksək səviyyə olan 4,81%-ə yüksəlib. Qlobal istiqraz gəlirlilikləri isə 2008-ci ildən bəri rekord həddə çatıb.
30 illik ABŞ istiqrazlarının gəlirliliyi də Maliyyə naziri Skott Bessentin uzunmüddətli borclanma xərclərini azaltmağa yönəlmiş geri satınalma proqramını genişləndirməsindən əvvəl müşahidə olunan səviyyələrə qayıdıb.
Neftin bahalaşması, dövlət xərclərinin artması və süni intellekt layihələrinin maliyyələşdirilməsi üçün geniş korporativ borclanma inflyasiya ilə bağlı narahatlıqları daha da artırır. ABŞ-nin İrana qarşı yeni zərbələri və Tehranın cavab addımları da bazarlardakı risk iştahasını azaldıb.
Avstraliya dolları da təzyiq altında qalıb. USD/AUD məzənnəsi cüzi yüksələrək 1,4006 səviyyəsinə çatıb. Avstraliyanın 10 illik istiqrazlarının gəlirliliyi 5,25%-ə yüksələrək 2011-ci ilin iyulundan bəri ən yüksək göstəricini qeydə alıb.
Avstraliya Statistika Bürosunun məlumatına əsasən, ölkə iqtisadiyyatı ikinci rübdə rüblük müqayisədə 0,4%, illik ifadədə isə 2,1% artıb. Bazar iştirakçıları hazırda Avstraliya Ehtiyat Bankının sentyabrın 29-da keçiriləcək iclasında faiz dərəcəsini artırmaq ehtimalını təxminən 58% qiymətləndirirlər.
Yaponiyada isə USD/JPY məzənnəsi 160,21 səviyyəsinə yüksələrək dolların yen qarşısında 160 həddindən yuxarı qalmasını təmin edib.
Yaponiya Bankının rəhbəri Kadzuo Ueda bildirib ki, sentyabrın 17–18-də keçiriləcək iclasda inflyasiya risklərinin güclənməsi fonunda faiz dərəcəsinin artırılması məsələsi müzakirə olunacaq. Bu açıqlama sentyabr ayında faiz artımı gözləntilərini daha da gücləndirib.
ABŞ Maliyyə naziri Skott Bessent G20 çərçivəsində Ueda ilə görüşərək yenanın zəifləməsinin qarşısını almaq üçün daha qətiyyətli monetar addımların atılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Yaponiya hökuməti və Yaponiya Bankının atacağı addımlar yenanın möhkəmlənməsinə kömək edəcək. İki ölkə iyul ayında həyata keçirilən birgə valyuta intervensiyasından sonra bazardakı koordinasiyanı davam etdirmək barədə razılığa gəlib.
Yaponiya Bankının İdarə Heyətinin üzvü Hacime Takata da daha çevik faiz artımlarının tərəfdarı olduğunu bəyan edərək sentyabr iclasına marağı artırıb.
Regionun digər valyutalarında isə məhdud dəyişikliklər qeydə alınıb. Çin yuanı cüzi zəifləyib, Hindistan rupisi isə möhkəmlənərək USD/INR məzənnəsini 94,916 səviyyəsinə endirib.
Sinqapur dolları ABŞ dolları qarşısında cüzi dəyər itirib, Cənubi Koreya vonu isə möhkəmlənib. Malayziya rinqqiti də zəifləyib. İnvestorlar indi diqqətlərini cümə günü açıqlanacaq Malayziya Mərkəzi Bankının faiz qərarına yönəldiblər.
MONETAR.AZ