BAZARLAR

Qlobal istiqraz bazarında satış dalğası altıncı günə keçib

Qlobal istiqraz bazarında satış dalğası

Bu gün qlobal suveren istiqraz bazarında satış dalğası ardıcıl altıncı sessiyada da davam edib. Avropa, Asiya və Şimali Amerikada dövlət borclanmasının dəyəri Yaxın Şərqdə hərbi gərginliyin artması, süni intellekt infrastrukturunun maliyyələşdirilməsi üçün korporativ borc emissiyalarının sürətlənməsi və mərkəzi bankların sərt pul siyasətini davam etdirməsi fonunda çoxillik və hətta çoxonillik maksimumlara yüksəlib. Bu dinamika sabit gəlirli alətlərdən tarixdə görünməmiş miqyasda kapital çıxışına səbəb olub.

Avropada pul siyasətinə daha həssas olan Almaniyanın 2 illik “Schatz” istiqrazlarının gəlirliliyi ardıcıl altıncı gün artaraq 2,983%-ə çatıb. Bu, 2024-cü ildən bəri ən yüksək göstəricidir.

Uzunmüddətli istiqrazlarda gəlirlilik artımı daha kəskin olub. Almaniyanın etalon hesab edilən 10 illik “Bund” istiqrazlarının gəlirliliyi 3,370%-ə yüksələrək 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. 30 illik istiqrazların gəlirliliyi isə 3,845%-ə qalxaraq yenidən 2011-ci ildən bəri rekord həddə yüksəlib.

Fransanın 10 illik “OAT” istiqrazlarının gəlirliliyi də 4,244%-ə çatıb. Bu, 2008-ci il qlobal maliyyə böhranından bəri ən yüksək səviyyədir. Artımın əsas səbəblərindən biri ölkədə büdcə kəsirinin genişlənməsi və bunun vahid valyuta zonasında faiz dərəcələri üzərində təzyiqi artırmasıdır.

İstiqraz bazarındakı kütləvi satış dalğası Asiya-Sakit okean regionuna da yayılıb. Avstraliyanın etalon 10 illik dövlət istiqrazlarının gəlirliliyi 5,205%-ə yüksələrək 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Avstraliya istiqrazlarının satışının sürətlənməsinə ölkə iqtisadiyyatının dayanıqlı göstəriciləri və iyul ayında gözləntilərdən yüksək açıqlanan inflyasiya məlumatları təsir edib. Bu göstəricilər Avstraliya Ehtiyat Bankının ilin sonunadək faiz dərəcəsini dördüncü dəfə artıracağı ilə bağlı gözləntiləri gücləndirib.

Bu arada, Yaponiyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 3%-lik həddi keçərək 1996-cı ildən bəri ən yüksək səviyyədə qərarlaşıb. Yaponiya Bankının uzun illər davam edən ultra yumşaq pul siyasəti fonunda dünyanın ən aşağı suveren istiqraz gəlirliliklərindən birinə malik olan ölkənin borc bazarında bu, ciddi dönüş hesab olunur.

Tokio hazırda Vaşinqtonun pul-kredit siyasətinin daha aqressiv şəkildə sərtləşdirilməsi ilə bağlı təzyiqləri ilə üzləşir. ABŞ rəsmiləri Yaponiyada istiqraz gəlirliliklərinin yüksəldilməsinin yenin sabitləşdirilməsi və kapital axınının qarşısının alınması üçün zəruri olduğunu bildirirlər.

Qlobal istiqraz bazarındakı satış dalğası aktivlərin ənənəvi davranışında fundamental dəyişiklikdən xəbər verir. Geopolitik böhranlar zamanı adətən müdafiə aktivi kimi qəbul edilən dövlət istiqrazları bu dəfə institusional investorlar tərəfindən kütləvi şəkildə satılır. Buna ABŞ və İran arasında birbaşa hərbi qarşıdurmanın enerji qiymətləri vasitəsilə uzunmüddətli inflyasiya şoku yaratması ilə bağlı narahatlıqlar səbəb olur.

Dünyanın ən mühüm neft tranzit marşrutlarından birinin uzun müddət blokadada qalması nəqliyyat xərclərinin və istehlakçılar üçün yanacaq qiymətlərinin artmasına səbəb ola bilər. Bu isə xərc inflyasiyasını yenidən sürətləndirərək mərkəzi bankların, o cümlədən ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

Yaxın Şərqdəki enerji şokunun yaratdığı makroiqtisadi risklərlə yanaşı, qlobal borc bazarları korporativ istiqraz emissiyalarının sürətlənməsi ilə də ciddi təzyiq altındadır.

Texnologiya şirkətləri və transmilli korporasiyalar süni intellekt infrastrukturu üzrə kapital xərclərini, məlumat mərkəzlərinin tikintisini və qabaqcıl yarımkeçiricilərin alınmasını maliyyələşdirmək üçün rekord templə borc kağızları buraxırlar.

Yüksək reytinqli korporativ istiqrazların bu böyük emissiya dalğası iri mərkəzi bankların kəmiyyət sərtləşdirilməsi (QT) proqramları çərçivəsində balanslarını aktiv şəkildə kiçiltdiyi bir vaxtda institusional kapital uğrunda ABŞ Xəzinədarlıq istiqrazları, Almaniya “Bund”ları və Yaponiya “JGB”ləri ilə birbaşa rəqabət aparır.

Suveren və korporativ emitentlərin eyni vaxtda bazara böyük həcmdə borc çıxarması qlobal maliyyə bazarlarında təklifin artmasına səbəb olur. Nəticədə investorlar bu artan borc həcmini mənimsəmək üçün daha yüksək müddət mükafatı (term premium) tələb edirlər. Bu da dövlət istiqrazlarının gəlirliliklərini son onilliklərdə görünməmiş səviyyələrə yüksəldən əsas amillərdən birinə çevrilir.

MONETAR.AZ

Oxşar xəbərlər