BAZARLAR

Mis neftin bahalaşması və iqtisadi risklər fonunda ucuzlaşıb

Mis neftin bahalaşması və iqtisadi risklər fonunda

Neft qiymətlərinin yenidən yüksəlməsi qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı narahatlıqları artırdığı üçün mis digər sənaye metalları ilə birlikdə ikinci gündür ucuzlaşır. Bu barədə “Bloomberg” yazır.

Keçən həftə rekord səviyyədə bağlanan üçaylıq mis fyuçerslərinin qiyməti Londonda ton üçün 14 200 dollardan aşağı düşüb. ABŞ-nin İrandakı hədəflərə zərbələr endirməsi və Tehranın İordaniya, Bəhreyn və Küveytə cavab zərbələri həyata keçirməsindən sonra neft qiymətləri ardıcıl üçüncü gündür artır.

Məhdud təklif fonunda misin təxminən 4% bahalaşması ilə sənaye metalları avqust ayında nəzərəçarpacaq artım nümayiş etdirib. Bununla belə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Uorşun ötən cümə günü səsləndirdiyi sərt mövqeli açıqlamalar və ABŞ ilə İran arasında gərginliyin yenidən artması FES-in inflyasiya ilə mübarizə məqsədilə kredit xərclərini artırmalı olacağına dair gözləntiləri gücləndirib. Bu isə sənaye xammalına tələbi məhdudlaşdıraraq iqtisadi artımın zəifləməsinə səbəb ola bilər.

“Daha yüksək neft qiymətləri inflyasiya gözləntilərini gücləndirir və misin qiyməti təzyiq altında qalır”, — “Guangzhou Futures Co.” analitikləri qeydlərində bildiriblər. Onların fikrincə, ümumilikdə fundamental göstəricilər güclü olaraq qalır, lakin makroiqtisadi qeyri-müəyyənlik qiymətlərin hər hansı yüksəlişini məhdudlaşdırmaqda davam edəcək.

Şanxay vaxtı ilə saat 10:53-ə olan məlumata görə, London Metal Birjasında misin qiyməti 0,9% azalaraq ton üçün 14 151 dollara düşüb. Dünən son dörd ayın maksimumunda bağlanan sinkin qiyməti isə 1,3% geriləyərək ton üçün 3 873 dollar olub.

Nikel, alüminium, qalay və qurğuşunun qiymətləri də aşağı düşüb.

MONETAR.AZ

Oxşar xəbərlər