Süni intellekt (Sİ) tərtibatçısı “Anthropic” bulud xidmətləri provayderi “Lambda” ilə birgə layihə çərçivəsində əməkdaşlıq müqaviləsi imzalayıb. Layihədə “Nvidia” da iştirak edəcək.
“The Wall Street Journal”ın mənbələrə istinadən yaydığı məlumata görə, dəyəri 35 milyard dollar olan layihə Texasda süni intellekt sistemləri üçün 350 MVt gücündə məlumat mərkəzinin tikintisini nəzərdə tutur.
Şirkətlər sözügedən məlumatı hələlik şərh etməyiblər. Məlumat mərkəzinin tikintisini “Hut 8” həyata keçirəcək, “Nvidia” isə obyekti özünün süni intellekt çipləri ilə təmin edəcək.
“Nvidia” iyul ayında süni intellekt tapşırıqları üçün bulud xidmətləri göstərən neo-bulud provayderlərinin maliyyələşdirilməsi proqramına başladığını açıqlamışdı. “Lambda” da bu sahədə fəaliyyət göstərən şirkətlərdən biridir.
“Anthropic” öz süni intellekt modellərini inkişaf etdirir və bunun üçün böyük hesablama gücünə ehtiyac duyur. Şirkətin hesablama resurslarının çatışmazlığı ilə üzləşdiyi bildirilir.
Avqust ayında “Anthropic”in “Nscale” şirkəti ilə dəyəri 45 milyard dollar olan başqa bir razılaşma əldə etdiyi barədə məlumat yayılmışdı.
MONETAR.AZ