"OpenAI" şirkəti reklam biznesinin illik gəlirinin 1 milyard dollara çatdığını açıqlayıb. Bu, süni intellekt sahəsində fəaliyyət göstərən şirkət üçün səhmlərinin ilkin kütləvi təklifi (IPO) ərəfəsində mühüm mərhələ hesab olunur.
Təxminən 200 gün əvvəl fəaliyyətə başlayan reklam biznesi "OpenAI"ın korporativ həllər, istehlakçı abunəlikləri və istifadəyə görə ödəniş modelinə əsaslanan proqram interfeysləri (API) daxil olmaqla, mövcud gəlir mənbələrini tamamlayır. Şirkət bu nəticənin biznes modelinin şaxələndirildiyini göstərdiyini bildirib. Bu isə "OpenAI"ın 852 milyard dollarlıq qiymətləndirilməsini əsaslandırmaq istəyən potensial investorların artan gözləntiləri fonunda xüsusi əhəmiyyət daşıyır.
"OpenAI" fevral ayında ABŞ-də "ChatGPT" çat-botunda reklamları sınaqdan keçirməyə başlayıb. Bu addım rəqib "Anthropic" şirkətinin tənqidinə səbəb olub. Belə ki, "Anthropic" ilk "Super Bowl" reklam kampaniyasında "OpenAI"ın reklam strategiyasını istehza ilə hədəfə alıb.
Hazırda "ChatGPT"də reklamlar 40-dan çox ölkədə əlçatandır. Şirkət bu gün Hindistan, Avropa, Yaxın Şərq və Şimali Afrikada reklam yerləşdirmə imkanlarının genişləndirildiyini açıqlayıb. Reklamlar "Go" tarifinin abunəçilərinə, eləcə də həftəlik 1 milyard aktiv istifadəçinin böyük əksəriyyətini təşkil edən pulsuz versiya istifadəçilərinə göstərilir.
"OpenAI" bildirib ki, reklamlar aydın şəkildə işarələnir və "ChatGPT"nin cavablarına təsir etmir. Şirkət həmçinin vurğulayıb ki, reklamverənlərin istifadəçilərin şəxsi yazışmalarına çıxışı yoxdur.
Şirkət "ChatGPT"də reklamları yeni bazarlara genişləndirməyi, həmçinin yeni reklam formatları, hədəfləmə və satınalma imkanları, eləcə də effektivliyin ölçülməsi üçün alətlər təqdim etməyi planlaşdırır. "OpenAI" həmçinin bizneslərin "ChatGPT" vasitəsilə istehlakçılarla qarşılıqlı əlaqə qurması üçün yeni imkanları araşdıracağını bildirib.
MONETAR.AZ