BİZNES

Apple şirkətinin baş icraçı direktoru dəyişir

Apple şirkətinin baş icraçı direktoru

Tim Kuk bu gün Apple şirkətinin baş icraçı direktoru (CEO) vəzifəsindən ayrılaraq postunu aparat təminatı mühəndisliyi üzrə baş vitse-prezident John Ternusa təhvil verəcək. Bu barədə Yahoo Finance məlumat yayıb.

Şirkətin açıqlamasına əsasən, Kuk Appleın Direktorlar Şurasının icraçı sədri vəzifəsində fəaliyyətini davam etdirəcək və xüsusilə dünya üzrə hökumətlər və siyasətçilərlə əlaqələrin qurulması kimi strateji istiqamətlərdə şirkətə dəstək verməyi sürdürüb.

Kukun rəhbərliyi dövründə Apple bir sıra mühüm məhsulları bazara çıxarıb. Bunlara Apple Watch, AirPods və son dövrlərdə təqdim olunan MacBook Neo daxildir. O, həmçinin şirkətin xidmətlər biznesinin illik gəlirlərini 100 milyard ABŞ dollarından çox artıraraq bu istiqaməti iPhonedan sonra Appleın ikinci ən böyük gəlir mənbəyinə çevirib.

Steve Jobs Tim Kuku 1998-ci ildə şirkətə cəlb etmiş, 2002-ci ildə onu qlobal satışlar üzrə icraçı vitse-prezident, 2005-ci ildə isə əməliyyatlar üzrə direktor (COO) təyin etmişdi. 2011-ci ildə isə Kuk CEO vəzifəsində Cobsu əvəz etmişdi.

Onun rəhbərliyi dövründə Apple təchizat zəncirinin optimallaşdırılması və yeni məhsul strategiyası hesabına əhəmiyyətli dərəcədə böyüyüb. Şirkətin bazar kapitallaşması təxminən 350 milyard ABŞ dollarından 4 trilyon ABŞ dollarından yuxarı səviyyəyə yüksəlib.

Şirkətin illik gəlirləri də ciddi artım göstərib. Bu göstərici 2011-ci ildəki 108 milyard ABŞ dollarından 2025-ci ildə 416 milyard ABŞ dollarına yüksəlib. Eyni dövrdə iPhone satışlarından əldə olunan gəlirlər 47,1 milyard dollardan 209,6 milyard dollara çatıb. Apple Watch və AirPods isə öz kateqoriyalarında dünyanın ən populyar məhsulları sırasına daxil olub.

Kukun ən mühüm strateji qərarlarından biri Mac kompüterlərini Intel prosessorlarından Appleın öz hazırladığı çiplərə keçirmək olub. Bu addım cihazların məhsuldarlığını və enerji səmərəliliyini əhəmiyyətli dərəcədə artıraraq daha uzun batareya ömrü təmin edib.

Bütün bunların fonunda Apple səhmləri 2011-ci ilin avqustundan indiyədək 2 000%-dən çox bahalaşıb. Müqayisə üçün, eyni dövrdə S&P 500 indeksinin artımı 500%-i bir qədər ötüb.

Yeni CEO Con Ternus vəzifəyə şirkət üçün mühüm transformasiya mərhələsində başlayır. Apple hazırda süni intellekt sahəsində Microsoft və Google kimi rəqiblərlə fərqi azaltmağa çalışır.

Şirkətin iyunda keçiriləcək WWDC konfransında Googleun Gemini süni intellekt modellərindən istifadə edən yenilənmiş Siri versiyasını təqdim edəcəyi gözlənilir.

Bundan başqa, Appleın tarixində ən böyük dizayn dəyişikliklərindən biri hesab olunan qatlanan iPhone modelinin də təqdimata hazırlandığı bildirilir. Gözləntilərə görə, Ternusun rəhbərliyi dövründə şirkət uzun müddətdir haqqında danışılan ağıllı eynəklərini və OpenAI tərəfindən hazırlanacaq süni intellekt cihazı ilə rəqabət aparacaq yeni AI məhsullarını da təqdim edəcək.

Hazırda Apple səhmləri 319,70 ABŞ dolları səviyyəsində ticarət olunur və gün ərzində 1,63% bahalaşıb.

MONETAR.AZ

Oxşar xəbərlər