Yaponiyanın Honda Motor və Nissan Motor şirkətləri artıq bazar ertəsi yeni nəsil avtomobillər üçün vahid əməliyyat sistemi və bort kompüterinin birgə hazırlanmasına dair razılaşma imzalaya bilərlər. Hazırlanan platformanın 2029-cu ildən etibarən yeni modellərdə tətbiqi nəzərdə tutulur.
Honda bildirib ki, saziş hələ yekunlaşdırılmayıb. Şirkətin açıqlamasına görə, Nissan və Mitsubishi Motors ilə strateji tərəfdaşlıq çərçivəsində müxtəlif əməkdaşlıq istiqamətləri müzakirə olunur, lakin hələlik yekun qərar qəbul edilməyib.
Nissan-ın baş icraçı direktoru İvan Espinosa da bu ayın əvvəlində proqram təminatı sahəsində mümkün əməkdaşlıqla bağlı Honda ilə danışıqlar aparıldığını təsdiqləmişdi.
Gözlənilən razılaşma iki şirkətin bir ildən çox əvvəl təxminən 60 milyard dollar dəyərində avtomobil nəhəngi yaratmağı nəzərdə tutan birləşmə planından imtina etməsindən sonra əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirilir. Bu dəfə söhbət korporativ birləşmədən deyil, proqram təminatı və elektron platformaların birgə hazırlanmasından gedir.
Ortaq əməliyyat sistemi və bort kompüterinin hazırlanması şirkətlərə proqram təminatının yaradılması xərclərini bölüşməyə, yeni nəsil proqram əsaslı avtomobillərin (software-defined vehicles) inkişafını sürətləndirməyə və qlobal rəqabətdə, xüsusilə Çin istehsalçılarına qarşı mövqelərini gücləndirməyə imkan verə bilər.