BİZNES

“Ozon” Monqolustan bazarına daxil olub

“Ozon” Monqolustan bazarına

Rusiyanın “Ozon” marketpleysi 1 sentyabr 2026-cı il tarixində Monqolustanda fəaliyyətə başlayıb. Bununla da ölkə sakinləri platformada təqdim olunan 90 milyondan çox məhsula çıxış əldə ediblər. Monqolustan şirkətin Rusiyadan kənarda fəaliyyət göstərdiyi doqquzuncu xarici bazar olub. Bu barədə “Interfax” məlumat yayıb.

İlkin mərhələdə Monqolustana sifarişlərin çatdırılması 10 günədək davam edəcək. Alıcılar məhsullarını “Monqolustan Poçtu”nun şöbələrindən təhvil ala biləcəklər. Şirkət hazırda ölkədə öz logistika infrastrukturunu qurmağı planlaşdırmır.

“Ozon” platformasında monqolustanlı satıcıların məhsullarını yerləşdirə bilib-bilməyəcəyi ilə bağlı isə hələlik məlumat verilməyib.

Monqolustandan əvvəl “Ozon” Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan bazarlarına daxil olub. Şirkət eyni zamanda Çin və Türkiyə istiqamətlərində də fəaliyyətini inkişaf etdirir.

“Ozon”un beynəlxalq ekspansiyası 2021-ci ildən davam edir. Şirkət əvvəlcə əsas diqqəti postsovet məkanındakı bazarlara yönəldib, daha sonra isə fəaliyyət coğrafiyasını Asiya ölkələrinə genişləndirməyə başlayıb.

“Ozon MDB”nin rəhbəri Natalya Boer bildirib ki, Monqolustan bazarına çıxış rusiyalı satıcılara bizneslərinin coğrafiyasını genişləndirmək üçün yeni imkan yaradacaq.

Şirkətin Monqolustan bazarına girişinin sentyabrın 1–4-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun açılışı ilə eyni vaxta təsadüf etməsi də diqqət çəkir. Forum çərçivəsində Monqolustana Rusiyanın Asiyadakı investisiyaları üçün potensial tranzit qovşaqlarından biri kimi baxılır. Bu baxımdan, “Ozon”un yeni bazar seçimi şirkətin Asiya istiqamətində genişlənmə strategiyasına əlavə strateji məna verir.

MONETAR.AZ

Oxşar xəbərlər