Bu gün Azərbaycanda 17 torpaq sahəsi ilə bağlı hərrac keçiriləcək.
Monetar.az xəbər verir ki, hərraclar saat 15:00-da keçiriləcək. Torpaq sahələri müxtəlif rayonlarda yerləşir və onların bir qismi satışa, digər qismi isə uzunmüddətli icarəyə çıxarılıb.
Hərraca çıxarılan torpaqların ümumi sahəsi 100 hektardan çoxdur. Sahələr əsasən kənd təsərrüfatı məhsullarının istehsalı, eləcə də fərdi yaşayış evlərinin tikintisi məqsədilə təklif olunur.
Ən böyük torpaq sahəsi 24,24 hektardır. Ucar rayonunun Boyat kəndində yerləşən bu sahə 15 illik icarəyə verilir. Hərracda ilkin qiymət 3 151 manat, hərrac addımı isə 158 manat müəyyənləşdirilib.
İmişli rayonunun Cəfərli bələdiyyəsinin ərazisində yerləşən 23,25 hektar torpaq sahəsi də 15 illik icarəyə çıxarılıb. Sahənin ilkin qiyməti 5 812,50 manat, hərrac addımı isə 581,25 manatdır.
Beyləqan rayonunda 14 hektar torpaq sahəsi heyvandarlıq məqsədilə 15 illik icarəyə təklif olunur. Həmin sahənin ilkin qiyməti 1 400 manatdır.
Siyəzən rayonunun Yenikənd kəndində 6 hektar, Yevlax rayonunun Salahlı kəndində 4,38 hektar, Astara rayonunun Ərçivan qəsəbəsində isə 3,4 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15 illik icarəyə veriləcək.
Hərracda yaşayış evi tikintisi üçün nəzərdə tutulan torpaq sahələri də var. Belə sahələr Kürdəmir rayonunun Atakişili kəndində 300 kvadratmetr, Siyəzən rayonunun Beşdam kəndində 600 kvadratmetr, Şəmkir rayonunun Qədimqala kəndində isə 771 kvadratmetr təşkil edir.
Şəmkirdəki 771 kvadratmetrlik torpaq sahəsinin ilkin hərrac qiyməti 7 710 manat, Kürdəmirdəki 300 kvadratmetrlik sahənin ilkin qiyməti isə 3 450 manatdır.
Hərraca çıxarılan torpaqlar Siyəzən, Yevlax, Astara, Kürdəmir, Ucar, Şəmkir, Beyləqan, Ağcabədi, İmişli və Zaqatala rayonlarında yerləşir.