Avropa Komissiyasının nümayəndəsi bildirib ki, Avropa İttifaqı sentyabrın 3-dən etibarən Braziliyadan ət idxalını dayandıracaq. Buna səbəb Braziliyanın antimikrob preparatların istifadəsi ilə bağlı Aİ tələblərinə əməl etdiyinə dair kifayət qədər zəmanət təqdim etməməsidir.
Avropa Komissiyası hələ may ayında Braziliyanın müəyyən heyvan mənşəli məhsulları Aİ-yə ixrac etməsinə icazə verilən ölkələr siyahısından çıxarılacağını açıqlamışdı.
Komissiya nümayəndəsinin sözlərinə görə, Braziliya heyvanların böyüməsini sürətləndirmək məqsədilə antimikrob preparatlardan istifadənin qadağan olunmasına dair Aİ qaydalarına riayət etdiyini təsdiqləyən lazımi təminatları təqdim etməyib.
O əlavə edib ki, Braziliyada quş əti və bal istehsalı ilə bağlı aparılan auditin bu həftənin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bununla belə, auditin nəticələri dərhal açıqlanmayacaq.
Braziliya 2025-ci ildə Avropa İttifaqına mal əti ixrac edən ikinci ən böyük təchizatçı olub. Komissiya bu məhsulların idxalı üçün heyvanların bütün həyat dövrünü əhatə edən nəzarət və uyğunluq zəmanətlərinin tələb olunduğunu vurğulayıb.
Avropa Komissiyası qadağanın nə vaxt aradan qaldırıla biləcəyi ilə bağlı hələlik məlumat verməyib.
Aİ qanunvericiliyinə əsasən, insan təbabətində istifadə olunan antimikrob preparatların, o cümlədən antibiotiklərin heyvanlara verilməsi də qadağandır. Bu tələbin məqsədi antibiotiklərə davamlı (rezistent) bakteriyaların yaranmasının qarşısını almaqdır. Belə bakteriyalar qida məhsulları, birbaşa təmas və ya ətraf mühit vasitəsilə insanlara keçə və bəzi infeksiyaların müalicəsini xeyli çətinləşdirə bilər.
MONETAR.AZ