Qara dəniz regionundan tədarükdə yaranan problemlər fonunda dünya bazarında buğdanın qiyməti son bir ayda 15 faiz artıb. Analitiklərin qiymətləndirməsinə görə, Rusiya və Ukraynadan ixracın azalması yaxın aylarda qiymətlərə təzyiq göstərsə də, alternativ tədarük mənbələri və yüksək qlobal ehtiyatlar kəskin bahalaşmanı məhdudlaşdıra bilər.
Monetar.az xəbər verir ki, “Finam”ın aparıcı analitiki Aleksandr Potavin dünya buğda bazarındakı vəziyyəti və sentyabr-oktyabr ayları, eləcə də 2026-cı ilin sonunadək qiymət perspektivlərini təhlil edib.
Məlumata görə, buğdanın dünya qiyməti son üç ayda 22,5 faiz, son altı ayda 29,5 faiz, son bir ildə isə 44,8 faiz yüksəlib.
Rusiya və Ukrayna birlikdə dünya buğda ixracının təxminən 27-30 faizini təmin edir. Qara dəniz limanlarında yaranan fasilələr isə Afrika, Asiya və Yaxın Şərq ölkələrini daha bahalı alternativ tədarük mənbələrinə yönəldir.
Rusiya və Ukraynadan ixrac azalır
ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) 2026/27 mövsümündə Rusiyanın buğda ixracı üzrə proqnozunu 47,5 milyon tondan 46 milyon tona endirib. Ukrayna üzrə proqnoz isə 14,5 milyon tondan 13,5 milyon tona salınıb.
Buna səbəb Qara dənizdə daşımaların pozulması və limanların fəaliyyətində yaranan problemlərdir.
Rusiyanın Azov-Qara dəniz hövzəsində aylıq ixrac potensialının əvvəlki 3,3 milyon tondan təxminən 250 min tona qədər azaldığı bildirilir. Avqustda Rusiyanın buğda ixracının illik müqayisədə 50 faizdən çox azalaraq təxminən 2,2 milyon tona düşəcəyi gözlənilir.
Ukraynanın Odessa limanlarından taxıl ixracı da ciddi şəkildə zəifləyib. Dunay marşrutlarının yüklənməsi alternativ daşımaların imkanlarını məhdudlaşdırır.
Qiymətlərdə kəskin sıçrayış gözlənilmir
Analitikin fikrincə, hazırkı vəziyyət daha çox “təklif şoku”, yəni məhsulun fiziki çatışmazlığından deyil, onun bazara çatdırılmasında yaranan problemlərdən qaynaqlanır.
Dünya üzrə buğda ehtiyatlarının təxminən 270-280 milyon ton səviyyəsində olması idxalçı ölkələrə alternativ tədarükçülər tapmaq üçün müəyyən imkan yaradır.
Bundan başqa, Argentina, Avstraliya, Kanada və digər istehsalçıların tədarükü də Rusiyadan və Ukraynadan gələn azalmanı qismən kompensasiya edə bilər.
Analitik hesab edir ki, bu amillər qiymətlərin 2022-ci ildəki səviyyələrə qədər yüksəlməsini çətinləşdirir.
Rus buğdası daha ucuz qalır
Maraqlı məqam ondan ibarətdir ki, dünya birjalarında qiymətlər artsa da, Rusiya buğdasının ixrac qiyməti nisbətən aşağı olaraq qalır.
Proqnoza görə, sentyabr-oktyabr aylarında Novorossiysk limanı üzrə FOB qiymətinin əsasən 205-220 dollar/ton diapazonunda dəyişməsi mümkündür.
Rusiya buğdasının Avropa buğdasına endirimi isə 38 dollar/tona qədər yüksəlib. Bu fərq təkcə məhsulun keyfiyyəti ilə deyil, logistika, sığorta və sanksiya riskləri ilə də əlaqələndirilir.
2026-cı ilin sonuna qədər nə gözlənilir?
Analitiklərin əsas ssenarisinə görə, Qara dənizdə problemlər davam edərsə, dünya buğda qiymətləri yüksək və dəyişkən qala bilər. Lakin ixracın alternativ marşrutlar vasitəsilə tədricən bərpası qiymət artımının qarşısını ala bilər.
Sentyabr-oktyabr aylarında əsas risk qiymətlərin yüksəlməsi olaraq qalır. Təchizat problemləri qismən həll olunarsa, artımın avqustun əvvəlinə nisbətən təxminən 5-15 faiz ilə məhdudlaşa biləcəyi gözlənilir.
Uzunmüddətli perspektivdə isə geosiyasi gərginliyin azalması və Qara dəniz logistikasının bərpası halında buğdanın qiymətində aşağı istiqamətli korreksiya mümkündür.
Texniki baxımdan buğda fyuçersləri üçün yaxın müqavimət səviyyəsi təxminən 7,97-8,0 dollar/buşel hesab olunur. Bu həddin qırılması halında növbəti hədəfin 8,5 dollar/buşel ola biləcəyi bildirilir