AQRAR

Braziliya rekord səpin kampaniyasına başlayır

Braziliya rekord səpin kampaniyasına

Braziliya yeni səpin mövsümünə başlayır. Ölkədə rekord həcmdə soya məhsulu gözlənilsə də, fermerlərin xərclərinin artacağı proqnozlaşdırılır. Buna səbəb qlobal dizel bazarında yaranan qıtlığın kənd təsərrüfatı texnikasına yanacaq tələbatının mövsümi artımı ilə üst-üstə düşməsidir. Bu barədə Bloomberg yazır.

Braziliya soya, pambıq, qəhvə, şəkər və portağal şirəsi kimi bir sıra mühüm kənd təsərrüfatı məhsullarının dünyanın ən böyük ixracatçısıdır. Məhsulun səpilməsi və yığılması üçün fermerlər traktor və yük maşınlarını dizellə təmin etməlidirlər. Yanacağın bahalaşması isə fermerlərin xərclərini artıraraq bütün qlobal kənd təsərrüfatı təchizat zəncirinə təsir göstərə bilər.

Braziliya Avstraliyadan sonra dünyanın ən böyük dizel idxalçısıdır. Buna görə də ölkədə səpin mövsümünün pik mərhələsinə daxil olunması qlobal yanacaq bazarındakı təzyiqi daha da artıra bilər. Braziliyanın yenidən ABŞ-dən dizel idxalından daha çox asılı vəziyyətə düşməsi isə aralıq seçkilər ərəfəsində dünyanın ən böyük yanacaq tədarükçüsü olan ABŞ-də qiymətlərin yüksəlməsi riskini artırır.

İranla müharibə qlobal enerji bazarlarında ciddi disbalans yaradıb. Xam neftin müəyyən hissəsi artıq Hörmüz boğazından daşınsa da, dizel və digər neft məhsullarının bu marşrut üzrə tədarükü kəskin azalıb. Eyni zamanda, aparıcı dizel ixracatçılarından biri olan Rusiyanın Ukraynadakı neft emalı zavodlarına endirilən zərbələr fonunda ixracı məhdudlaşdırması qlobal bazardakı təklifi daha da azaldıb.

Braziliyada soya və pambıq səpini başlayarkən, fermerlər ötən mövsümdə yığılmış qış qarğıdalısını da bazara çıxarırlar. Nəticədə ABŞ istehsalı olan dizelə onsuz da yüksək olan tələbatın qarşıdakı aylarda daha da artacağı gözlənilir. Səpin və məhsul yığımı dövrlərinin üst-üstə düşməsi dizelə tələbatı mövsümlərarası orta göstəricidən gündə təxminən 200 min barel yuxarı qaldıra bilər.

Vortexa məlumatlarına görə, son dörd ilin üçündə Braziliyaya dizel və qazoyl idxalı sentyabr ayında pik həddə çatıb.

Qlobal münaqişələrin əsas ticarət marşrutlarını pozduğu bir vaxtda braziliyalı fermerlər son dörd ilin ən yüksək mövsümi dizel qiymətləri ilə üzləşirlər.

ABŞ yanacaq istehsalçıları bir vaxtlar Braziliyanın idxal etdiyi dizelin 80%-dən çoxunu təmin edirdi. Lakin 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra bu pay əhəmiyyətli dərəcədə azalıb. Avropa bazarlarından təcrid olunan Rusiya dizeli isə Türkiyə, Braziliya və Afrika ölkələrinə yönəlməyə başlayıb.

Son dövrdə bu tendensiya müəyyən qədər dəyişib. Bloombergin Braziliya gömrük məlumatları əsasında apardığı hesablamalara görə, Rusiyanın ixraca məhdudiyyət qoyduğu iyul ayında Braziliya son təxminən dörd ilin ən yüksək aylıq göstəricilərindən biri həcmində ABŞ dizeli alıb. Həmin dövrdə Rusiyadan idxal may ayı ilə müqayisədə iki dəfədən çox azalıb.

Əvvəllər Braziliyanın yanacaq təminatında əlavə mənbə rolunu oynayan BƏƏ və Səudiyyə Ərəbistanının imkanları da Hörmüz boğazında gəmiçiliyin pozulması səbəbindən məhdudlaşıb.

Rystad Energy şirkətinin emal üzrə tədqiqatlar üzrə baş vitse-prezidenti Syuzan Bell bildirib ki, Braziliyanın neft emalı zavodları kifayət qədər səmərəli işləyir və hazırda onların yüklənmə səviyyəsi təxminən 95% təşkil edir. Buna baxmayaraq, ölkə daxili tələbatı tam qarşılamaq üçün dizel idxalına ehtiyac duyur.

MONETAR.AZ

Oxşar xəbərlər