AQRAR

Kənd təsərrüfatı bitkilərinin qiymətləri kəskin aylıq artım nümayiş etdirib

Kənd təsərrüfatı bitkilərinin qiymətləri kəskin aylıq artım

Geosiyasi münaqişələr və ekstremal hava şəraiti qlobal tədarük zəncirlərini pozaraq ərzaq inflyasiyası ilə bağlı narahatlıqları artırdığı üçün kənd təsərrüfatı məhsullarının qiymətləri son 13 ildən artıq müddətin ən sürətli aylıq artımını qeydə almağa hazırlaşır. Bu barədə Bloomberg xəbər verib.

10 əsas kənd təsərrüfatı məhsulunun qiymətini izləyən Bloomberg Agriculture Spot indeksi avqust ayında cümə gününə olan məlumata görə 13%-dən çox yüksəlib. İndeksin 2012-ci ilin iyulundan bəri ən güclü aylıq artımını qeydə alacağı gözlənilir.

Bahalaşmanın əsas səbəblərindən biri buğdanın qiymətidir. Qara dəniz limanlarına edilən hücumların əsas istehsal regionundan ixracı məhdudlaşdırması fonunda buğdanın qiyməti son günlərdə son üç ilin ən yüksək səviyyəsinə çatıb. Şəkər və kakao da güclənən El-Ninyo hadisəsi fonunda təxminən 20% bahalaşıb.

Qiymət artımlarının supermarket rəflərində özünü göstərməsi müəyyən vaxt tələb etsə də, kənd təsərrüfatı məhsullarının bahalaşması İrandakı müharibə səbəbindən enerji və nəqliyyat xərclərinin yüksəlməsi ilə eyni vaxta təsadüf edir. Bu isə çörəkdən ət və süd məhsullarına qədər gündəlik ərzaq məhsullarının qiymətlərinin artacağı ilə bağlı narahatlıqları gücləndirir.

Buğda bazarında vəziyyət xüsusilə diqqət çəkir. Ukrayna və Rusiyadan taxıl ixracı hər iki tərəfin qarşı tərəfin gəmilərinə və limanlarına zərbələr endirməsi nəticəsində zəifləyib.

Rusiya və Ukrayna birlikdə qlobal buğda ixracının dörddə birindən çoxunu təmin edir. Hər iki ölkə həmçinin arpa, qarğıdalı və günəbaxan yağı kimi digər mühüm kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılmasında əhəmiyyətli paya malikdir.

Lachstock Consulting bazar ertəsi yaydığı qeyddə bildirib ki, yaranan təklif çatışmazlığını kompensasiya etmək üçün bazarda kifayət qədər aydın alternativ yoxdur. Ukraynada satılmamış taxılın yığılıb qalması fermerlərin gələcək əkin planlarına da təsir göstərə bilər. Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyinin qiymətləndirməsinə görə, fermerlərin 2027-ci il mövsümündə payızlıq buğda əkinlərini azaltması ehtimalı var.

“Lachstock” qeyd edir ki, Argentina taxılının keyfiyyəti ilə bağlı suallar mövcuddur, Kanadanın ixrac imkanları məhduddur, Avstraliyanın da əlavə tədarük potensialı kifayət qədər deyil. ABŞ buğdası isə getdikcə daha bahalı alternativ mənbəyə çevrilir.

Şirkətin analitiklərinin fikrincə, Qara dənizdən ixracın bərpası baş verməsə, bazar qısamüddətli logistika problemləri ilə deyil, bir neçə mövsümü əhatə edə biləcək struktur təklif çatışmazlığı ilə üzləşə bilər.

Əlverişsiz hava şəraiti də kənd təsərrüfatı bazarlarına əlavə təzyiq göstərir. ABŞ və Avropada yay aylarında müşahidə olunan yüksək temperatur qarğıdalı məhsuluna zərər vurub. Güclü El-Ninyo isə gələn ilin məhsulu üçün əlavə risklər yaradır. Xüsusilə bu hava hadisəsinin əsas kakao istehsal regionu olan Qərbi Afrikada əkinlərə təsiri ilə bağlı narahatlıqlar artır.

Nyu-Yorkda şəkər fyuçersləri avqust ayında təxminən 20% bahalaşaraq 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Buna Hindistanda festival mövsümü ərəfəsində tələbatın artması və ölkənin məhdud ehtiyatlarla üzləşməsi səbəb olub. Hindistan hökuməti qiymətlərin qarşısını almaq məqsədilə son dövrlərdə nadir addım ataraq müəyyən həcmdə rüsumsuz şəkər idxalına icazə verib.

Yaxın Şərqdə gərginliyin yenidən artması isə fermerlər üçün həyati əhəmiyyət daşıyan yanacaq və gübrə tədarükü ilə bağlı riskləri gündəmə gətirib. Həftəsonu ABŞ qüvvələrinin İrana məxsus raket qurğularına zərbə endirməsi regionda gərginliyi yenidən artırıb və bunun enerji bazarları ilə yanaşı, qlobal kənd təsərrüfatı məhsullarının qiymətlərinə də əlavə təzyiq göstərə biləcəyi gözlənilir.

MONETAR.AZ

Oxşar xəbərlər