BAZARLAR

BYD-nin avqust satışları rekord ixrac hesabına 18 faiz artıb

BYD-nin avqust satışları rekord ixrac hesabına

Çinin avtomobil istehsalçısı “BYD Co.” avqust ayında 440 mindən çox avtomobil satıb. Şirkətin bu gün açıqladığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur. Satışlar iyul ayı ilə müqayisədə də artıb, lakin şirkətin illik satış hədəfinə çatması üçün mövcud temp hələ də kifayət etmir.

Avqustda ixrac tədarükləri iki dəfədən çox artaraq ümumi satışların 43%-ni təşkil edib. “BYD” Cənub-Şərqi Asiya, Avropa və Cənubi Amerika bazarlarında mövqelərini genişləndirməyə davam edir. Şirkət bu regionlarda tanınmış avtomobil istehsalçıları ilə rəqabəti gücləndirir. Bu strategiya, həm də daxili bazarda zəif istehlak tələbi və kəskin qiymət rəqabəti fonunda Çindən asılılığı azaltmağa yönəlib. Cari ilin ilk yarısında isə “BYD” tarixində ilk dəfə beynəlxalq satışlardan əldə olunan gəlirlər qrupun ümumi gəlirlərinin 50%-ni ötüb.

Avqust göstəriciləri ilin ilk yarısı ilə müqayisədə əhəmiyyətli yaxşılaşmanı əks etdirir. Həmin dövrdə şirkət yeni nəsil akkumulyatorların istehsalına hazırlaşmaq məqsədilə yığım xətlərini modernləşdirirdi ki, bu da istehsal tempinə təsir göstərmişdi.

Şirkət 2026-cı il üzrə 5–5,5 milyon avtomobil satmağı hədəfləyir. Lakin bu diapazonun aşağı həddinə çatmaq üçün ilin qalan hissəsində satışların daha da sürətlənməsi tələb olunur.

Bu arada, “BYD”nin Macarıstandakı flaqman zavodu subpodratçı şirkətlər tərəfindən əmək qanunvericiliyinin mümkün pozulması ilə bağlı aparılan yoxlamaların diqqət mərkəzindədir. Şirkət isə bütün fəaliyyətinin yerli qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyini bəyan edib.

Bundan əlavə, “Handelsblatt” qəzetinin iyun ayında yaydığı məlumata görə, Avropa İttifaqı Çin istehsalı olan hibrid avtomobillərə tariflərin tətbiqi imkanını nəzərdən keçirir.

MONETAR.AZ

Oxşar xəbərlər