Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarının doluluq səviyyəsi avqustun 28-nə 64,4 faizə enib. Bu, son 13 ildə cari mövsüm üçün qeydə alınan ən aşağı göstəricidir.
Monetar.az xəbər verir ki, qaz ehtiyatlarının səviyyəsi ölkələr üzrə ciddi fərqlənir. Belə ki, anbarların doluluğu Niderlandda 46 faiz, Böyük Britaniyada 50 faiz, Almaniyada 52 faiz, İtaliyada 82 faiz, Polşada isə 92 faiz təşkil edir.
Analitik Qreq Molnarın sözlərinə görə, hazırkı ehtiyat səviyyəsi son beş ilin eyni dövrü üzrə orta göstəricidən təxminən 20 faiz aşağıdır.
Qeyd edək ki, 2025-ci ilin avqustunun sonunda Avropanın qaz anbarları təxminən 80 faiz dolu olub.
Ekspertlər aşağı ehtiyat səviyyəsinin qış aylarında qaz qiymətlərində yüksək volatillik riskini artırdığını bildirirlər.
“The Guardian” yazır ki, yay aylarında bazar iştirakçılarının bir qismi Hörmüz boğazının yaxın zamanda açılacağını və Avropanın qış mövsümü üçün qaz ehtiyatlarını artırmaq imkanının yaranacağını gözləyirdi. Lakin hazırda boğazın yaxın vaxtlarda açılacağı ilə bağlı gözləntilər zəifləyib.
SEB bankının əmtəə bazarları üzrə baş analitiki Byarne Şildropun sözlərinə görə, bunun nəticəsində ötən həftə Avropanın təbii qaz bazarında qış mövsümü öncəsi “panika” yaranıb.