ENERJİ

Bloomberg: Rusiya “kölgə donanması”nı iki dəfə genişləndirib

Bloomberg: Rusiya “kölgə donanması”nı

Rusiya ABŞ-nin sanksiyaları altında olan Arktik layihədən mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker donanmasını bir ildən az müddətdə demək olar ki, iki dəfə artırıb.

“Bloomberg”in gəmi hərəkətlərinin izlənməsi əsasında apardığı təhlilə görə, hazırda ən azı 20 gəmi “Arktik LNG 2” layihəsinə və onunla bağlı infrastruktura xidmət edir. Dekabrın sonunda bu göstərici 11 gəmi təşkil edirdi. Gəmilərin əksəriyyətinin mülkiyyət strukturu qeyri-şəffafdır ki, bu da onları “kölgə donanması”na xas edir.

Donanmaya son əlavə edilən gəmi Rusiyada inşa olunub və bu tipli ikinci gəmi hesab olunur. Yüksək buz sinfinə malik tanker Arktikanın buzlu sularında ilboyu fəaliyyət göstərmək üçün nəzərdə tutulub. Gəmi həftəsonu yükləmə əməliyyatı zamanı qeydə alınıb.

Avropanın boru kəməri ilə qaz ixracı bazarının böyük hissəsini itirən Rusiya diqqətini LNG-yə yönəldib. ABŞ və Aİ-nin “Arktik LNG 2” layihəsinə qarşı tətbiq etdiyi sanksiyalar Moskvanın 2030-cu ilə qədər LNG istehsalını üç dəfə artırmaq planlarını təxirə salmasına səbəb olub. Buna baxmayaraq, Rusiya LNG-nin şərq istiqamətində tədarükünü təmin etmək üçün “kölgə donanması”nı sürətlə genişləndirir.

Hazırda sanksiyalar altında olan LNG-nin əsas və yeganə alıcısı Çin hesab olunur. Enerji daşıyıcılarının dəniz və boru kəmərləri vasitəsilə ixracı Moskva ilə Pekin arasındakı iqtisadi əlaqələrin əsas istiqamətlərindən biridir.

Çin Prezidenti Si Szinpin və Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər. Rusiya tərəfinin məlumatına görə, danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, qaz məsələsi də müzakirə olunub.

ABŞ-də Donald Tramp administrasiyası Rusiyanın qaz sənayesinə və genişlənən “kölgə donanması”na qarşı sərt addımlar atmayıb. Vaşinqton Çinin ötən ildən etibarən ABŞ-nin “qara siyahı”sına salınmış Rusiya yanacağını almasına qarşı yeni məhdudiyyətlər tətbiq etməyib. Bunun əksinə olaraq, Co Bayden administrasiyası “Arktik LNG 2” də daxil olmaqla LNG layihələrinə, həmçinin bu layihələrdə istifadə olunan gəmilərə və anbarlara qarşı sanksiyalar tətbiq etmişdi.

“Arctic Institute” analitik mərkəzinin təsisçisi Malte Humpert bildirib ki, Moskva “Arktik LNG 2” layihəsindən Asiyaya LNG tədarükünü artırmaq üçün logistika sistemi qurur.

“Arktik LNG 2” Qərbi Sibirin ucqar ərazisində yerləşir. Burada ilin böyük hissəsində dəniz buzları gəmiçiliyi məhdudlaşdırır. LNG buz sinfinə malik tankerlərlə daşınır, daha sonra Rusiyanın Uzaq Şərqində və ölkənin qərb hissəsində yerləşən anbarlara vurulur. Buradan isə yanacaq alıcılara çatdırılmaq üçün adi LNG tankerlərinə yüklənir.

“Rystad Energy” iyul ayında verdiyi proqnozla müqayisədə layihənin 2026-cı il üzrə istehsal qiymətləndirməsini təxminən 9% artıraraq 5 milyon tona çatdırıb. Hazırkı donanma ilə zavod ildə 5,2–5,4 milyon ton LNG ixrac edə bilər. Bu isə fəaliyyətdə olan iki istehsal xəttinin ümumi gücü olan 13,2 milyon tondan xeyli aşağıdır. Üçüncü istehsal xəttinin quraşdırılması isə davam edir.

“Donanmanın buraxılış qabiliyyəti əsas məhdudiyyət olaraq qalır”, — “Rystad Energy”nin neft və qaz tədqiqatları üzrə vitse-prezidenti Darya Melnik bildirib.

Hazırda “Arc7” buz sinfinə aid üç tanker fəaliyyət göstərir. Bu, daşınma həcmlərinin əhəmiyyətli dərəcədə artırılması üçün tələb olunan sayın demək olar ki, yarısı deyil, əsas ehtiyaca yaxın göstəricidir. Daha bir neçə tanker isə tikilməkdədir. Moskvanın məlumatına görə, onlardan birinin ilin sonunadək istismara verilməsi gözlənilir.

“Vortexa”nın LNG üzrə baş analitiki Eşli Şermanın sözlərinə görə, nəzəri olaraq “Arc7” buz sinfinə aid dörd tanker iki istehsal xəttinin demək olar ki, tam gücü ilə işləməsinə imkan verə bilər. Bunun üçün isə Rusiya sularında yükləmə və boşaltma əməliyyatlarının səmərəli şəkildə genişləndirilməsi mümkün olmalıdır.

Bundan əlavə, Rusiyanın daha zəif buz şəraitində fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş “Arc4” sinifli tankerləri və Şimal Dəniz Yolu qış aylarında buzla bağlandıqda Çinə daha uzun marşrut üzrə LNG daşıya biləcək 12 adi qazdaşıyıcısı var.

“Rystad Energy”nin hesablamalarına görə, “Arktik LNG 2” layihəsinin tam gücü ilə işləməsi üçün ümumilikdə 30-a qədər adi LNG tankeri tələb oluna bilər.

MONETAR.AZ

Oxşar xəbərlər