Çin kömür, neft və təbii qaz daxil olmaqla, ümumilikdə 4,8 milyard ton yanacaq istehsal edərək dünyada birinci olub.
Monetar.az xəbər verir ki, “ Avstriya Maliyyə Nazirliyinin məlumatları əsasında hazırlanan reytinqdə ABŞ 2,3 milyard ton istehsalla ikinci, Rusiya isə 1,46 milyard tonla üçüncü sırada qərarlaşıb.
Reytinq yanacağın enerji tutumuna deyil, fiziki çəkisinə əsaslanır. Hesablamalara kömür, neft və təbii qazın istehsalı daxil edilib, təbii qazın həcmi isə tonla ifadə olunmaq üçün çevrilib.
Çinin ümumi göstəricisinin əsas hissəsini kömür təşkil edib. Ölkə 2024-cü ildə 4,4 milyard ton kömür istehsal edib. Bu, Çinin ümumi yanacaq istehsalının demək olar ki, hamısını təşkil edir.
ABŞ-da isə istehsal daha balanslı olub. Ölkə il ərzində 948,8 milyon ton neft, 854,6 milyon ton təbii qaz və 473,8 milyon ton kömür istehsal edib.
Reytinqdə Hindistan 1,14 milyard tonla dördüncü, İndoneziya 921,4 milyon tonla beşinci yeri tutub. Daha sonra Avstraliya – 614,6 milyon ton, Səudiyyə Ərəbistanı – 594,2 milyon ton, Kanada – 489,9 milyon ton və İran – 457,1 milyon tonla sıralanıb.
İlk 10-luğu 234 milyon ton istehsalla Cənubi Afrika tamamlayıb.
Ümumilikdə, ilk 5 ölkə – Çin, ABŞ, Rusiya, Hindistan və İndoneziya – 2024-cü ildə birlikdə 10,6 milyard ton yanacaq istehsal edib. Bu, dünya üzrə ümumi istehsalın təxminən 63 faizinə bərabərdir.
Reytinqdə Azərbaycan yer almayıb. İlk 25 ölkənin ümumi payı isə dünya mineral yanacaq istehsalının 91 faizini təşkil edib.
Qeyd edək ki, bu göstəricilər enerji istehsalının müqayisəsi deyil. Yanacaqların enerji tutumu fərqli olduğundan, reytinq yalnız istehsal olunan məhsulların fiziki çəkisini əks etdirir.