Bloomberg xəbər verir ki, Amazon.com Inc. İsveçdə fəaliyyət göstərən məlumat mərkəzlərinin enerji təminatını gücləndirmək məqsədilə ölkədə inşa edilən dörd külək elektrik stansiyasından elektrik enerjisinin alınmasına dair uzunmüddətli müqavilələr bağlayıb.
Şirkətin açıqlamasına görə, bu sazişlər Amazona əlavə olaraq təxminən 200 meqavat bərpa olunan enerji təmin edəcək. Dörd külək parkı tam istismara verildikdən sonra şirkətin İsveçdəki ümumi enerji portfeli 1 giqavatdan çox olacaq.
Külək elektrik stansiyaları Eolus AB və OX2 AB şirkətləri tərəfindən hazırlanır. OX2 AB isə öz növbəsində İsveçin özəl investisiya şirkəti EQT AB-yə məxsusdur.
Bu razılaşma Amazon-un məlumat mərkəzlərinin artan enerji tələbatını bərpa olunan enerji mənbələri hesabına qarşılamaq və şirkətin uzunmüddətli dayanıqlılıq strategiyasını dəstəkləmək istiqamətində atdığı növbəti addımlardan biri hesab olunur.
MONETAR.AZ